REGİONLAR
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib VİDEO
Tovuz, 16 may, Ruslan Novruzoğlu, AZƏRTAC
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulması zamanı sərhəd pozucuları ilə silahlı insident nəticəsində həlak olan baş leytenant Samir Elmar oğlu Eyvazovun cənazəsi Tovuz rayonunda ailəsinin yaşadığı evə gətirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Mərasimdə yaylım atəşi açılıb, Azərbaycanın dövlət bayrağı sərhədçinin dayısına təqdim olunub.
Hərbçi anadan olduğu Bozalqanlı kəndində torpağa tapşırılıb. Samir Eyvazov evli idi, bir azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb. Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə edilib, lakin həyatlarını xilas etmək mümkün olmayıb.