ELM VƏ TƏHSİL


Dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulda ən yüksək nəticənin qeydə alındığı şəhər və rayonların adları açıqlanıb

Bakı, 7 iyul, AZƏRTAC

Son illər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən yerlərə respublikanın kənd rayonlarından qəbul olan gənclərin sayı getdikcə artır. Son üç ildə kənd rayonlarından ali məktəblərə qəbul olanların nisbi çəkilərində stabillik nəzərə çarpır. Onu da nəzərə almaq lazımdır ki, bu ali təhsil müəssisələri əsasən şəhərlərdə yerləşir. Bu amil şəhərlərdən qəbul olan abituriyentlərlə müqayisədə kənd rayonlarından qəbul olan abituriyentlər üçün bir sıra əlavə məişət problemləri yaradır.

AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik hesabatında yer alıb.

Hesabatda bildirilir ki, məzunların dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən yerlərə qəbulolma göstəricisinə görə ən yüksək nəticə Sumqayıt və Bakı şəhərlərinin, Oğuz, Qax, Qubadlı, Şahbuz, İsmayıllı və Abşeron rayonlarının məzunlarına məxsusdur. Bu yerlərə qəbulolma göstəricisinə görə ənənəvi olaraq Təhsil Nazirliyinin tabeliyində olan liseylər və özəl liseylər respublikanın digər ümumtəhsil müəssisələri ilə müqayisədə böyük üstünlüyə malikdir. Bu liseylərin hər 100 nəfər məzunundan 33-34-ü dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olub.

Sabirabad, Ağsu, Xaçmaz, Qusar, Saatlı, Beyləqan və Cəlilabad rayonlarının məzunlarının dövlət sifarişi üzrə ayrılan yerlərə qəbulolma faizi aşağı olub. Belə ki, Sabirabad rayonunun hər 100 məzunundan yalnız 11-12-si, Ağsu rayonunun hər 100 məzunundan yalnız 12-13-ü, Xaçmaz, Qusar, Saatlı, Beyləqan və Cəlilabad rayonlarının hər 100 məzunundan yalnız 14-15-i ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.