REGİONLAR
Dövlət siyasətinin həyata keçirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşür VİDEO
Xaçmaz, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması dövlətimizin başçısının düşünülmüş siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin üzərinə mühüm vəzifələr düşür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 31-də Xaçmazdakı Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan konfransda danışılıb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfransda rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıb.
Bildirilib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəklərə ucalıb.
Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və fəal gənclər çıxışlarında ölkəmizin bütün regionlarında, o cümlədən Xaçmazda gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradıldığını bildiriblər.
Natiqlər Xaçmaz əhalisinin 30 faizini gənclərin təşkil etdiyini vurğulayıblar. Bildirilib ki, rayonu təmsil edən gənclər yerli və beynəlxalq idman yarışlarında, fənn olimpiadalarında, ölkənin ictimai-siyasi həyatında uğurla təmsil olunurlar.
400 nəfərdən çox gəncin qatıldığı konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə fəxri fərman və mükafatlar verilib.