CƏMİYYƏT


Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində iməcilik keçirilib

Bakı, 9 mart, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev ətraf mühitin mühafizəsinə, Azərbaycan təbiətinə xüsusi önəm verərək, daim onun təbii və ilkin toxunulmazlığının qorunmasını ən vacib məsələlərdən sayırdı. Görkəmli dövlət xadimi gərgin iş qrafikində vaxt taparaq, əlinə bel alıb ağacəkmə, yaşıllığa qulluq kampaniyalarında və müxtəlif iməciliklərdə fəal iştirak edirdi. Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun xüsusi proqramlar həyata keçirilir.

Dövlətimizin başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ulu Öndərin saf və təmiz ətraf mühitlə bağlı arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Artıq ölkədə ekoloji tarazlığın qorunması, yaşıllaşdırma, ağaclara qulluq kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ümummilli Liderin yaratdığı və miras buraxdığı nəcib və ibrətamiz ənənələri şərəflə davam etdirir.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində ənənəvi olaraq bahar iməciliyi keçirilib. DTX-nin rəhbər işçilərinin, əməkdaşlarının və kursantlarının iştirakı ilə keçirilən iməcilik Xidmətin istirahət mərkəzinin bütün ərazisini əhatə edib, abadlıq və təmizlik işləri aparılıb. Sahilboyu toplanan tullantılar, o cümlədən küləyin gətirdiyi sellofan, kağız parçaları və ətraf mühitə ziyanlı digər qalıqlar bir yerə yığılaraq texnika vasitəsilə daşınıb. Ərazi quru otlardan təmizlənib, ağaclara qulluq göstərilib, onların dibi açılıb, qurumuş budaqlar budanıb.

Belə aksiyalar ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, bu il martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi tamam olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.