Dövlət tibb müəssisələrində antenatal və doğuşayardım xidməti müzakirə olunub
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində antenatal və doğuşayardım xidməti göstərən dövlət tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə TƏBİB-in tabeliyindəki 90 tibb müəssisəsinin rəhbəri, TƏBİB-in rəhbər işçiləri, Bakı şəhərindən və regionlardan dəvət olunan doğuşayardım üzrə mütəxəssislər iştirak edib.
Görüşdə 2022-ci ildə baş verən ana ölümlərinin təhlili aparılıb, 2023-cü il üçün görüləcək tədbirlər barədə ətraflı məlumat verilib.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov doğum və reproduktiv sağlamlıq sahəsində mövcud problemlərin müzakirəsinin gələcəkdə bu halların aradan qaldırılması zamanı mühüm rol oynayacağını bildirib. O, Azərbaycanda ana və uşaq ölümlərinin azaldılması istiqamətində həyata keçiriləcək tədbirlər sayəsində ölkəmizin qabaqcıl ölkələrdə olduğu kimi müsbət dinamikaya nail olacağını qeyd edib. Bu istiqamətdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, eyni zamanda, antenatal və doğuşayardım xidmətləri üzrə tibb personalının bilik və bacarıqlarının artırılması ilə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində də ardıcıl işlərin görüləcəyini vurğulayıb.
TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova baş vermiş ana ölümlərinin təhlili ilə bağlı təqdimatla çıxış edib.
Eyni zamanda, TƏBİB-in aidiyyəti struktur bölmələrinin əməkdaşları tərəfindən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsi məqsədilə icra edilən işlər və layihələr barədə hesabatlar təqdim edilib.
Tədbirin sonunda doğuşayardım xidməti üzrə mövcud əmr və sərəncamların, təlimat və protokolların icrasına nəzarəti, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi məqsədilə bu sahədə müntəzəm olaraq monitorinqlərin keçirilməsi barədə müəssisə rəhbərlərinə tapşırıq verilib.





Xəbərin mətnində orfoqrafik səhv var