CƏMİYYƏT


“Dövlət və Din” ictimai fikir toplusu mükafatlandırılıb

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Bakıda “Ortaq Dəyərlər” İctimai Birliyi “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” mövzusunda “dəyirmi masa” keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birliyin sədri Aqil Camal bu ilin may-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətin din siyasətinin təbliği: kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” mövzusunda layihənin həyata keçirildiyini söyləyib. Bildirib ki, bu layihə cəmiyyət həyatında önəmli yeri olan dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını, dövlətin din siyasətinin təbliği vəziyyətini təhlil etmək məqsədini daşıyıb. Həmçinin Şura ilə DQİDK arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlığa töhfə verməyi hədəfləyib.

Aqil Camal qeyd edib ki, layihə çərçivəsində 10 qəzet, 10 sayt və 5 yerli televiziya üzərində monitorinq aparılıb, ölkə mətbuatında dini maarifləndirmə işinin durumu öyrənilib. Həmçinin layihə çərçivəsində dini, milli və mənəvi maarifləndirmə istiqamətində çalışacaq sayt (ortaqdeyerler.com) yaradılıb.

Tədbirdə “Azərbaycan dövlətinin din siyasətini peşəkar səviyyədə təbliğ edən televiziya proqramı” nominasiyası üzrə İctimai Televiziyada yayınlanan “Din və Cəmiyyət” proqramı, “Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan” nominasiyası üzrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dövlət və Din” ictimai fikir toplusu, “Mediada azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” fəlsəfə doktoru Faiq Ələkbərov mükafatlarla təltif olunub.

“Dəyirmi masa”da çıxış edən İctimai Televiziyanın elm və təhsil departamentinin rəhbəri Zaur Mahmudov təmsil etdiyi qurumun dini maarifləndirməyə diqqət yetirdiyini, efir siyasətində bu işi davam etdirəcəklərini bildirib.

DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri, “Dövlət və Din” jurnalının redaktoru Sadiq Mirzəyev çıxışında Dövlət Komitəsinin maarifləndirmə sahəsində fəaliyyətindən bəhs edib. Bildirib ki, dini maarifləndirmə DQİDK-nın fəaliyyət istiqamətlərindən biridir və o bu sahədəki işini təkcə təsisçisi olduğu nəşrlərlə məhdudlaşdırmır. Eyni zamanda, milli maraqlarımıza, mənəvi dəyərlərimizə zidd olan və radikallığı təbliğ edən dini qrupların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də həyata keçirir. Bu məqsədlə Komitə tərəfindən Bakıda və regionlarda seminar-treninqlər, “dəyirmi masa”lar və konfranslar keçirilir. S.Mirzəyev deyib: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsidir ki, hazırda ölkəmizdə dini durum sabitdir. Azərbaycanda radikal dindarların sosial dayaqları yoxdur. Ancaq bu təqdirəlayiq hal bizi arxayınlaşdırmamalı, fəaliyyətimizdə ətalətə səbəb olmamalıdır. Maarifləndirmə işini davamlı həyata keçirmək lazımdır”.

İctimai Televiziyanın “Din və Cəmiyyət” proqramının aparıcısı Natiq Rəhimov qeyd edib ki, Azərbaycan həm qədim dini ənənələrin mövcud olduğu, dini dəyərlərin geniş yayıldığı ölkədir və o, fərqli dini cərəyanların, məzhəb və təriqətlərin qovşağında yerləşir. Bu baxımdan ölkəmizdə dini məsələlərə təkcə dövlətin, müvafiq dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da həssas yanaşması zəruridir.

Tarixçi alimlər Dilavər Əzimli, Faiq Ələkbərov, Dövlət Komitəsinin əməkdaşı Saleh Aslanov və başqaları çıxışlarında ölkəmizdə dini ənənələr, Azərbaycan mütəfəkkirlərinin İslam dininə baxışları haqda fikirlərini bölüşüblər. Qeyd edilib ki, cəmiyyətimizə kənardan daxil olmağa çalışan radikal dini qruplara qarşı mübarizədə hər bir vətəndaşın, ictimai birliyin fəallığı vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.