CƏMİYYƏT
Dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işi məhkəmələrə göndərilib
Bakı, 17 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 17-də rəhbərlik etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində ilin birinci yarısında gördüyü işlərə dair keçirilən mətbuat konfransında söyləyib.
K.Əliyev diqqətə çatdırıb ki, 54 şəxs barəsində 43 cinayət işi qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 34 şəxs barəsində 27 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 19 şəxs barəsində 14 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 3 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), 11 şəxs barəsində 5 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 4 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı, 2 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 2 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədardır.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12 milyon 804 min 958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3 milyon 612 min 243 manatının və ya 28,2 faizinin ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.