SİYASƏT
Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
Bakı, 24 iyun, Elvin Camalov, AZƏRTAC
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində daha bir seminar “Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi dövlət və özəl sektorun rəhbər şəxslərinin diqqətini qabaqcıl texnologiyaların çətinlikləri və imkanları müzakirəsinə cəlb etmək, dövlət xidmətlərini dəyişə biləcək və beləliklə, dövlət idarəçiliyində səmərəliliyi artıra biləcək potensial qabaqcıl texnologiyaları inkişaf etdirmək, qabaqcıl yeniliklərin tətbiqi və dövlət sektorunda həyata keçirmə imkanlarını, vətəndaşların məmnunluq əmsalının və dövlətə olan inamının daha da inkişaf etdirilməsində qabaqcıl texnologiyaların potensialını araşdırmaq üçün müzakirə platformasını təmin etmək olub.
Seminarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Birləşmiş Ərəb Əmirliklərinin Yerli icmaların inkişafı üzrə naziri Hessa Essa Buhumaid, Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan, İndoneziyanın İnzibati və bürokratik islahatlar naziri Syafruddin Kambo, “Silikon Vadisi” texnologiyasının məsləhətçi qrupunun təsisçisi Teymur Sadıqov çıxış edib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov seminarın əhəmiyyətini vurğulayıb, Azərbaycanda texnologiyalar sahəsində görülən mühüm işlərdən bəhs edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bulud hesablama texnologiyaları barədə məlumat verib. Qeyd edib ki, rəqəmli transformasiyalar kibertəhlükəsizliyi ön plana çıxarır. Azərbaycan Avropa Şurasının kibercinayətkarlıq haqqında Konvensiyasını imzalayıb və 2009-cu ildə bunu ratifikasiya edib. Azərbaycan öz kibertəhlükəsizlik strategiyasını hazırlayır. Ölkəmiz 2009-cu ildən fərdi məlumatların işlənməsi ilə bağlı Konvensiyaya qoşulub. Bununla əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər edilib. Azərbaycan Hökuməti cari il iyunun 27-də qüvvəyə minməsi gözlənilən Avropa İttifaqının kibertəhlükəsizlik aktını yaxından izləyir və bu məsələyə xüsusi önəm verir. Hazırda hökumət tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Strategiyasının qəbul edilməsi üzərində iş aparılır. Fərdi məlumatların qorunması da hökumətin diqqət mərkəzindədir.
BƏƏ-nin Yerli icmaların inkişafı üzrə naziri Hessa Essa Buhumaid ölkəsində texnologiya sahəsində görülən işlər barədə məlumat verib, gələcəyə dair planlardan bəhs edən təqdimatla çıxış edib.
Türkiyənin Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan isə həm Türkiyə, həm də Türkiyə ilə Azərbaycanın texnologiyalardan ortaq və fərdi istifadə edərək gördüyü işlərdən danışıb. O, dünya praktikasında bu istiqamətdə atılan addımları diqqətə çatdırıb.
İndoneziyanın İnzibati və bürokratik islahatlar naziri Syafruddin Kambo belə seminarların önəmli olduğunu deyib. Bildirib ki, bu cür müzakirələr hər bir ölkədə təhlükəsizlik və texnologiya sahəsinin inkişafına təkan verir. Qarşılıqlı əməkdaşlıq və səmərəli müzakirələr baxımından belə seminarların verdiyi töhfə böyükdür.
Seminar 3 sessiya ilə işini davam etdirib. Sessiyalarda “Hökumət üçün innovasiyalar”, “Dövlət xidmətlərini təkmilləşdirə bilən texnologiyalar və innovasiyalar”, “Ölkələrin dövlət idarəçiliyi, dövlət xidmətlərinin çatdırılması və qabaqcıl texnologiyaları üzrə təcrübələri” mövzularında çıxışlar olub.