SİYASƏT
Dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair müşavirə keçirilib YENİLƏNİB VİDEO
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2019-cu il 6 may tarixli Fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair mayın 27-də Bakı Biznes Mərkəzində müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış Apellyasiya şuralarının sədrləri və katibləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev tədbirdə çıxış edərək bildirib ki, bu il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın, obyektivliyin və operativliyin təmin edilməsi, bu sahədə çalışan şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılması ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib.
Eldar Nuriyev qeyd edib ki, Fərmana əsasən, dövlətə məxsus hüquqi şəxslərdə Apellyasiya şuraları yaradılıb. Bu hüquqi şəxslərin dairəsi kifayət qədər genişdir. Buraya həm dövlətin yaratdığı şirkətlər, səhmdar cəmiyyətləri, kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri, o cümlədən publik hüquqi şəxslər daxildir. Bu qurumlarda Apellyasiya şuralarının yaradılması dövlətimizin başçısının sahibkarlara, sahibkarlıq fəaliyyətinə göstərdiyi diqqətin təzahürüdür. Bu, eyni zamanda, onların hüquqlarının qorunması, qanuni mənafelərinin müdafiə olunması üçün əlavə təminatdır. Apellyasiya şuralarının yaradılması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların tərkib hissəsidir. Apellyasiya şuraları yeni iqtisadi şəraitdə dövlət siyasətinə uyğun olaraq, çox vacib funksiyaları, sahibkarlığa dövlət dəstəyinin göstərilməsini həyata keçirən qurumlardır.
Şuraların yaradılmasında məqsədin iş adamlarının müraciətlərinə operativ reaksiya verməkdən, onların şikayətlərini tam, hərtərəfli, obyektiv araşdırmaqdan, ədalətli və qanuni qərarlar çıxarmaqdan ibarət olduğunu deyən Eldar Nuriyev bildirib ki, dövlətimizin başçısının tapşırıqlarının yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlərin icrasına başlanılıb, işlərin sistemli, ardıcıl aparılması üçün zəruri addımlar atılıb, tədbirlər planı hazırlanıb. Dövlətə məxsus hüquqi şəxslərdə qısa müddətdə Apellyasiya şuraları formalaşdırılıb, onların katibliyinin üzvləri müəyyən edilib.
Müşavirədə qarşıda duran vəzifələrin icrası, dövlətə məxsus olan hüquqi şəxslərdə yaradılmış Apellyasiya şuralarının fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və işgüzar əməkdaşlığın yaradılması barədə müzakirələr aparılıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının üzvləri müşavirə iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.