SİYASƏT


Dövlətimizin başçısının Qarabağa səfəri həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda xalqla birlikdə qeyd etdiyi Zəfər bayramı idi. Ələlxüsus, dövlətimizin başçısının səfərinin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş, təhlükəsizliyi hələ tam təmin olunmamış, minalardan tam təmizlənməmiş rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirdi. Dövlətimizin başçısı bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir. “Qarabağ Azərbaycandır və nida” bəyanatını verən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə, cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Bu, həm də qalib xalqın Müzəffər Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.

Xalq-iqtidar birliyinin sarsılmaz vəhdətini xüsusi vurğulayan T.Cəfərova diqqətə çatdırıb ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi. “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanını alqışlarla, tükənməz sevgi ilə qarşıladı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev, əslində, sevinc hissini və həyəcanını öz xalqı ilə bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan dövlətimizin başçısı vətəndaşların sonsuz məhəbbətini qazanıb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır”, - deputat qeyd edib.

Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsinin xüsusi rəmzi məna daşıdığını deyən T.Cəfərova bildirib ki, Azərbaycan vətəndaşları uzun illər qonşu İran dövlətinin ərazisindən qədim tarixə malik Xudafərin körpüsünü uzaqdan və həsrətlə seyr edirdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış böyük Qələbə nəticəsində bu həsrət sona çatdı. Azərbaycan xalqı üçün Xudafərin körpüsü hər zaman birlik, həmrəylik rəmzi olub.

“Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı Azərbaycan xalqının şüarına çevrilib. Xalqın Orduya inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasıdır. Bu ideoloji əsası formalaşdıran isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və böyük liderliyidir”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.