CƏMİYYƏT
Dövlətimizin başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır
Bakı, 8 fevral, AZƏRTAC
Dövlətimizin başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsassız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində bildirilir.
Məqalədə qeyd edilir ki, ümumiyyətlə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər həm respublika əhalisi, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Müxtəlif dövlət orqanlarından, o cümlədən vətəndaşların müraciətləri əsasında təqdim edilən materiallar üzrə görülən tədbirlər nəticəsində bir çox qanunsuz tikililər və obyektlər sökülmüş, bəzi vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.