ELM VƏ TƏHSİL


Dövlətimizin başçısının qayğısı sayəsində ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanın təhsil sektoru islahatların ən çox aparıldığı sahələrdən biri sayılır. Təbii ki, bu islahatların aparılmasında əsas məqsəd qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması və təhsilin modernləşdirilməsidir.

Son 17 ildə Prezident İlham Əliyev tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilib. Bunun nəticəsidir ki, təhsil sahəsində bir sıra parlaq uğurlara imza atılıb, təhsil sahəsində mühüm islahatlar və layihələr həyata keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülüb. Strategiyada nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə müasirləşdirilib, 2003-2020-ci illər ərzində 3700-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində ümumi təhsil məktəblərinin təmir-tikinti işləri davamlı olaraq həyata keçirilir. Bu tədbirlər ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı şəhəri Sabunçu rayonu 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova söyləyib. O bildirib ki, təhsilin infrastrukturunun möhkəmləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlərinin aparılması, yeni orta məktəb binalarının tikilib istifadəyə verilməsi 2020-2021-ci tədris ilinə hazırlıq çərçivəsində də davam edib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-2021-ci tədris ili üçün yeni inşa olunan və ya əsaslı təmir edilən bir sıra təhsil müəssisələrində görülmüş işlərlə şəxsən tanış olub və açılış mərasimlərində iştirak edib, təhsil işçilərinə dəyərli tövsiyələr verib. Bütün bunlar biz müəllimləri daha həvəslə çalışmağa, üzərimizə düşən vəzifələri daha yüksək səviyyədə yerinə yetirməyə ruhlandırır. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2018-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası da əsaslı təmir edilib. Məktəbimizə gələn Prezident İlham Əliyev təhsil ocağında yaradılan şəraitlə tanış olub. Bu, bizə - kollektivimizin hər bir üzvünə daha yaxşı çalışmaq üçün böyük ruh verir. Təsadüfi deyil ki, təhsil müəssisəsinin uğurları, məzunların ali məktəblərə qəbul səviyyəsi də ildən-ilə artır. Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Məktəb infrastrukturunun inkişafında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə qeyd etməliyik. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir. Əlbəttə, bütün bunlar şagirdlərin tədris şəraitini yaxşılaşdırır, təhsilin keyfiyyətini yüksəldir. Son illərdə beynəlxalq olimpiadalarda azərbaycanlı məktəblilərin göstərdiyi nailiyyətləri misal göstərərək deyə bilərik ki, Azərbaycan inkişaf etmiş ölkələr arasında beynəlxalq bilik yarışlarında artıq özünəməxsus mövqeyi və reytinqi olan bir ölkədir. Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu ali məktəblərində ən nüfuzlu ixtisaslarda təhsil alırlar. Dövlət tərəfindən buna verilən dəstəyin nəticəsidir ki, gənclərin böyük əksəriyyəti Azərbaycana qayıdaraq yüksək səviyyəli mütəxəssis kimi ölkəmizdə öz fəaliyyətlərini davam etdirir, ölkənin ümumi inkişafına, iqtisadi, sosial həyatının daha da irəli aparılmasına öz töhfələrini verirlər. Sözsüz ki, dövlət rəhbərinin təhsilə qayğısı nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, eyni zamanda, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Müəllimlərə göstərilən diqqət onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar davamlı xarakter daşıyır. Bu isə ümumilikdə müəllim peşəsinə olan marağın artmasına səbəb olur. Dövlət başçısının ölkə həyatının bütün sahələrinə, o cümlədən də təhsilə qayğısı və diqqəti sayəsində təhsildə keyfiyyətin artırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib. Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib, çoxşaxəli tədbirlər həyata keçirilib. Reallaşdırılan layihələr və inkişafyönümlü pilot proqramlarında təhsil işçiləri, məktəblilər və valideynlər böyük həvəslə iştirak ediblər. İctimaiyyət tərəfindən maraqla qarşılanan pilot proqramları və layihələrdə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır. Həyata keçirilən layihələrin məktəblilərin gələcək nailiyyətlərinə bundan sonra da müsbət təsir göstərəcəyinə inanırıq. Təhsil sistemində əldə olunan uğurlar son 17 ilin inkişaf platformasında təhsilin öncül yerini göstərir, dövlət başçısının xalqın intellektual potensialının inkişafına olan həssas münasibətini əks etdirir. Bu müstəsna əhəmiyyətli işlərdə biz təhsil işçiləri də var gücümüzlə çalışacaq, göstərilən qayğıya hər zaman yeni uğurlarla cavab verəcəyik”, - deyə Nailə Məmmədova qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.