CƏMİYYƏT


Dövlətimizin başçısının yeni fərmanları sosial müdafiə sahəsindəki mühüm struktur islahatlarında yeni irəliləyişlərə təminat yaradır

Bakı, 30 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı fərmanlar sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması məqsədilə aparılan böyük struktur islahatı prosesində yeni irəliləyişlərə təminat yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikir dövlətimizin başçısının imzaladığı müvafiq fərmanlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin yaydığı məlumatda qeyd olunub.

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki publik hüquqi şəxslərin - Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin nizamnamələri təsdiqlənib.

Yeni yaradılmış Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinə əsasən, qurum sosial xidmət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək. Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, sosial xidmət sahəsində fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. də yeni qurumun fəaliyyət istiqamətlərinə daxildir.

Həmçinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yeni təsdiq edilmiş Nizamnaməsinə görə, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə isə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması, boş olan və işçi tələb edilən iş yerləri barədə məlumatları əsasında vakansiya bankının yaradılması, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması və s. daxildir. Agentlik, həmçinin işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparacaq. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramı tərtib edəcək.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində işləri aparacaq.

Nazirlər Kabineti dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlar sırasında Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırığı da yer alıb.

Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixli digər Fərmanında isə “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında bir sıra dəyişikliklər (həmçinin Nazirliyin Aparatının və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının işçilərinin say həddi ilə bağlı) edilməsi tapşırılır.

Beləliklə, 2020-ci il 30 iyun tarixli hər iki Fərman ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində idarəçiliyin müasir yanaşmalara uyğun optimallaşdırılması və bu əsasda əhaliyə xidmətlərin vətəndaş məmnunluğu prinsipi üzrə inkişafına yönələn islahatların uğurla davam etdirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında müvafiq qurumların əsasında yeni publik hüquq şəxslər dövlətimizin başçısının 2019-cu il 30 dekabr tarixli Fərmanına əsasən yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.