CƏMİYYƏT
Dövlətin şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğısının davamlı olması uğurlu sosial siyasətin başlıca istiqamətlərindəndir
Bakı, 5 dekabr, AZƏRTAC
Vətən müharibəsi şəhidlərinin ailələrinin, əlillərin və müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan dövlətinin sosial siyasətində prioritet istiqamətlərdən biridir.
Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.
Ə.Verdiyev qeyd edib ki, Vətən müharibəsində iştirakı ilə adını qəhrəman xalqlar sırasına yazdıran vətəndaşlarımıza dövlət dəstəyi bütün istiqamətləri əhatə etməklə yanaşı, davamlı xarakter daşıyır. Buna misal olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 3 dekabr tarixli iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştlərinin müəyyən olunmasını göstərə bilərik. Bu dəyişiklərə əsasən, Vətən müharibəsi şəhidləri ilə yanaşı, müharibənin iştirakçılarının da banklara və digər kredit təşkilatlarına borclarının silinməsindən əldə olunan gəlirlər də gəlir vergisindən azad edilib. Bütün bu addımların və güzəştlərin mahiyyəti qazi və şəhid ailələrinin həyat şəraitinə, Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərmək məqsədi daşıyır. Dövlətin şəhidlərimizin ailə üzvlərinə və sağlamlığını itirmiş hərbi qulluqçulara diqqət və qayğısının davamlı olması uğurlu sosial siyasətin başlıca istiqamətlərindən biridir.
Hərbi ekspert bildirib ki, Azərbaycan dövləti Silahlı Qüvvələrimiz tərəfindən işğaldan azad edilən 10 min kvadratkilometr ərazidə heç bir xarici maliyyə dəstəyi almadan öz hesabına bərpa işləri gördüyü üçün müharibədən sonrakı dövrdə büdcəyə qənaət tədbirlərinin həyata keçirilməsi gözlənilsə də, bu baş vermədi. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, qəhrəman oğulların və onların ailələrinin rifahı hər zaman ilkin vəzifə kimi ön plandadır.
“Vergi güzəştlərinin və dövlətin sosial siyasətinin həssas qrupların maddi ehtiyaclarını nəzərdə tutmaqla yanaşı, eyni zamanda, böyük mənəvi təsiri var. Tətbiq edilən vergi güzəştləri qazilərə və şəhid ailələrinə göstərilən dəstəyin daha bir bariz nümunəsidir. Bu fəaliyyətin gələcəkdə də davam edəcəyi şübhəsizdir”, - deyə ekspert əlavə edib.