ELM VƏ TƏHSİL
Dövri qanunun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib
Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) “Elm günü” ərəfəsində dövri qanunun kəşfinin 150 illiyinə həsr olunan konfrans keçirilib.
NKPİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Ali Neft Məktəbinin müəllim və tələbələri, institutun alimləri iştirak ediblər.
Konfransı NKPİ-nin direktoru, akademik Vaqif Abbasov açaraq respublikamızda “Elm günü” ilə bağlı silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, bu həmin günlə bağlı institutda keçirilən üçüncü tədbirdir.
Sonra akademik “Dövri qanunun kəşfi haqqında” məruzə ilə çıxış edərək indiyədək yaradılmış kimyəvi elementlərin dövri sistemi cədvəlləri haqqında ətraflı məlumat verib. Bildirib ki, əslən azərbaycanlı olan Abas Çayxorskinin “Elementlərin dövrü sisteminin quruluşunun yeni variantı” mövcud cədvəllərdən ən yaxşılarındandır.
Sonra tələbələrlə fikir mübadiləsi aparılıb. Çıxış edən müəllimlər dövri qanunun kəşfinin bəşəriyyətin inkişafında müstəsna rolunu qeyd ediblər.