SİYASƏT


Döyüş mövqeyində “Azərbaycan qalaları  xalqımızın yenilməzlik rəmzidir” sərgisi açılıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Respublikamızın qərb bölgəsində döyüş mövqelərindən birində “Azərbaycan qalaları xalqımızın yenilməzlik rəmzidir” adlı sərgi açılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycanın məşhur qalaları - “Əlincə qalası”, “Oğlanqala”, “Cavanşir qalası”, “Bəlləbur qalası”, “Çıraqqala”, “Babək qalası”, “Ramana qalası”, “Mərdəkan qalası”, “Gələrsən-görərsən qalası”, “Koroğlu qalası” və digər abidələrinin təsvirləri yer alır. Burada, həmçinin Gəncə Qarnizonu Zabitlər Evinin təqdim etdiyi 50-dən çox qala və müdafiə tikilisinin fotosu, eləcə də döyüşçü-rəssam Bayram Əlioğlunun “Əsgəran qalası”, “Biz Qarabağa qayıtdıq”, “Əsgəran qalası alındı” rəngkarlıq əsərləri nümayiş olunur.

Dövlət tərəfindən qorunan V-VI əsrlərə aid Alban kilsəsində təşkil olunan sərginin açılışında layihə müəllifi, polkovnik Abdulla Qurbani bildirib ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin rəhbərliyi bu yerlərdə olub, əsrlərin sərt sınaqlarından çıxaraq günümüzədək gəlib çatmış tarix və mədəniyyət abidələrinin qorunması, mühafizəsi barədə xüsusi tapşırıqlar verib. Qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş əzəli Azərbaycan torpaqlarında milli-mədəni dəyərlərimiz qəddarcasına məhv edilir, qarət olunur, dağıdılır, erməniləşdirilir. Lakin bundan fərqli olaraq, xalqımız hansı sivilizasiyaya, mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bəşəri dəyərləri hifz edir. “Bunu bizdən, həmçinin 1954-cü il mayın 14-də qəbul edilmiş “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında konvensiya”nın maddələri tələb edir və qarşımızda məsuliyyətli vəzifələr qoyur. Silahlı münaqişələr, həmçinin texnogen aşılanmalar nəticəsində hər hansı bir abidə təhlükə ilə üzləşərsə, dərhal aidiyyəti üzrə məlumat verilməli və həmin abidənin məhv edilməsinin qarşısı alınmalıdır. Bir çox beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizə qarşı qərəzli, ikili standartlara əsaslanan mövqe tutsa da, biz beynəlxalq qərar, qətnamə və konvensiyalara hörmətlə yanaşırıq”, - deyə A.Qurbani bildirib.

Layihənin müəllifi deyib ki, döyüş mövqelərində, cəbhəyanı rayonlarda ön xətdə yerləşən abidələrin, mədəni dəyərlərin qorunmasında hər bir hərbi qulluqçu öz vətəndaşlıq borcunu dərindən dərk edir və bu istiqamətdə səylərini əsirgəmir. Tarixi abidələr əcdadlarımızın nəsillərə əmanətidir. Tariximizi öyrənmədən sevmək, sevmədən onu qorumaq mümkün deyil. Bu sərgi Azərbaycan əsgərinin tariximizə sevgisindən, məhəbbətindən irəli gələn bir tədbirdir və şəxsi heyətin milli-mənəvi, mədəni dəyərlər əsasında tərbiyəsində öz müsbət təsirini göstərəcək.

Sərginin açılışında Milli Məclisin deputatı Elman Nəsirov, “AVEY” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Əməkdar İncəsənət Xadimi, şair-publisist Barat Vüsal və zabitlər çıxış edərək, son dərəcə aktual və əhəmiyyətli təşəbbüsə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Azərbaycan qalaları haqqında ətraflı məlumat alan, sərgidən xoş təəssüratlarla ayrılan hər bir döyüşçü öz səngərini və döyüş mövqeyini bundan sonra da alınmaz qalaya çevirərək döyüş növbəsində, Vətənin keşiyində ayıq-sayıq duracağına, əsgəri borcunu şərəflə davam etdirəcəyinə söz verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.