CƏMİYYƏT


Döyüş təcrübəsinin və texnologiyaların sintezi ilə yeni Azərbaycan Ordusu formalaşır - RƏY

Döyüş təcrübəsinin və texnologiyaların sintezi ilə yeni Azərbaycan Ordusu formalaşır   -  RƏY

Bakı, 16 yanvar, AZƏRTAC

Prezidentin dediyi kimi, biz Vətən müharibəsində Ordumuzun gücünü göstərdik. Eyni zamanda, gördük ki, ordunun daha da inkişafına ehtiyac var. 44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz göstəricidir. Ermənistan ordusundan on min nəfər qaçıb. Ümumiyyətlə, özü də hücuma keçən, aşağıdan yuxarıya qalxan, ölümə gedən, 6-7 müdafiə xətti olan əraziyə sinəsini qabağa verərək gedən əsgər-zabit əsl qəhrəmandır və bizim Ordumuzun gücü məhz bundadır.

Ordumuz 2020-ci il Vətən müharibəsi zamanı gücünü, iradəsini göstərib, xalqımız bütövlükdə əyilməz ruhunu göstərib. Hərbçilərimiz böyük fədakarlıq göstərdilər, ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid olub.

Azərbaycan Ordusunun potensialı böyükdür. Ordumuz faktiki olaraq imkanlarına görə dünyanın ən peşəkar Silahlı Qüvvələri sırasında yer almaqdadır. Bu özünü bütün qoşun növlərinin imkanları və peşəkar mütəxəssisləri ilə həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı 2021-2022-ci illərdə baş verən hadisələrdə büruzə verdi. Təsadüfü deyil ki, hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalının məlumatına görə, 2023-cü ildəki beynəlxalq reytinqə görə, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

Bunu Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycanda ordu quruculuğu barədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi Qələbə ilə başa çatandan sonra orduda, xüsusilə, komandoları vurğulamaq şərti ilə müxtəlif təyinatlı hərbi hissələrin yaradılması istiqamətində, silah və texnika cəhətdən orduda müəyyən işlər görüldü. Üstəlik, texnologiyanın Silahlı Qüvvələrə sintezi artıq ordumuzun gücünü tamamilə dəyişib. Bu iki ildə biz döyüş təcrübəsini və texnologiyaları nəzərə almaqla tamamilə yeni bir ordu formalaşdırırıq.

Hazırda Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrinin və dəstələrinin, ümumiyyətlə, ordunun peşəkarlaşmasına zəmin yaradan bu kimi hərbi birliklərin, qoşun növlərinin gücləndirilməsi istiqamətində işlər aparılır. Bunu yalnız yerüstü əməliyyatların aparılmasında iştirak edən bölmələrdə deyil, eləcə də peşəkar mütəxəssislərin hazırlanmasında, həmçinin həm hərbi hava, hərbi dəniz və hava hücumundan müdafiə qüvvələri və digər qoşun növlərində müşahidə etmək olar. Müharibə təcrübəmizi həyatda artıq yeni ordu konsepsiyası əsasında tətbiq etmək üçün fəal işləyirik.

“Dövlətimizin başçısının dediyi kimi, gələcəkdə, eyni zamanda, yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrin sayı iki dəfə artırılıb, o cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir.

Azərbaycan Ordusu inkişaf etməklə yanaşı, yerli müdafiə sənayesi potensialımız artmaqda davam etdirir. Bu inkişaf Azərbaycanın ümumi müdafiə və təhlükəsizlik imkanlarını daha da gücləndirəcək, ölkəmizin dünyadakı mövqeyini daha da möhkəmləndirəcək və layiqli yerini tutmasına töhfə verəcək”, - deyə hərbi şərhçi əlavə edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu mühüm məsələ olan ordu quruculuğu ilə bağlı yerli televiziya kanallarına müsahibəsində deyib: “Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”.

Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra qarşıda duran əsas vəzifə şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olub. Bu gün - artıq müharibədən iki il ötməsindən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya ölkələri tərəfindən qəbul edilib. Azərbaycanın haqlı tərəf olması isə bir daha təsdiqlənib.

Diqqətə çatdırıb ki, bu gün Azərbaycanın Ermənistan üzərində böyük hərbi üstünlüyü var. Ümumiyyətlə, dövlətimizin dünyada yeri və rolu böyükdür. Ölkəmiz dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır, müstəqil siyasət aparır, öz sözünü açıq deyir. Bunun təməlində isə həm hərbi güc, həm də Vətən müharibəsindəki şanlı Qələbə amili dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.