SİYASƏT


Döyüş və informasiya cəbhələrinin məharətli sərkərdəsi - Ali Baş Komandan İlham Əliyev

Bakı, 13 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev siyasi uzaqgörənlik nümayiş etdirərək hələ sentyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən və sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən beynəlxalq ictimaiyyətı bəyan etdi ki, Ermənistan rəhbərliyinin düşmənçilik bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni təcavüz planları olduğundan xəbər verir. Beləliklə də sentyabrın 27-si səhər saat 06:00-dan başlayan erməni təxribatı dövlətimizin başçısının uzaqgörənliyini bir daha sübuta yetirdi. Bu müddət ərzində isə döyüşlər sadəcə səngərdə yox, informasiya məkanında da qızğın xarakter aldı. Ermənistan əvvəlki dövrdə olduğu kimi, istər erməni lobbisinin, istərsə də xarici havadarlarının dəstəyi və köməyi ilə münaqişə haqqında dünyada informasiya vakuumu yaratmaq, öz yalan, ikiüzlü, riyakar, nə tarixə, nə də beynəlxalq hüquqa əsaslanmayan siyasətini beynəlxalq ictimaiyyətə sırımaq üçün uğursuz cəhdlər göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, informasiya müharibəsində Azərbaycan tərəfi nəinki boş dayanmadı, eyni zamanda, tutarlı və məqsədyönlü addımlar atdı. Belə ki, Azərbaycan hələ əks-hücum əməliyyatından - münaqişənin qızışmasından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. Bu məsələdə də dövlətimizin başçısı İlham Əliyev ən yüksək fəallıq göstərən insan missiyasını yenə öz çiyinləri üzərinə götürdü. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin iyul təxribatından əvvəl və sonra bütün beynəlxalq platformalarda Azərbaycanın haqq səsini, haqlı mövqeyini və Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu tutarlı faktlarla və ardıcıl, sistemli şəkildə sübuta yetirdi.

Belə ki, müharibə, sadəcə olaraq, səngərdə getmirdi. İnformasiya cəbhəsində də qızğın döyüşlər davam edirdi. Bu səbəbdən də Ali Baş Komandan, sadəcə, Azərbaycan Silahlı Qüvvələrinə rəhbərlik etməklə kifayətlənmir, informasiya savaşında da əsl Komandan funksiyasını böyük məharət və ustalıqla yerinə yetirirdi. Bu məqsədlə, sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu 9-10 televiziya kanalına müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini əsaslandırdı.

Prezident İlham Əliyev Ali Baş Komandan olaraq eyni vaxtda həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi. Gecə-gündüz yorulmadan çalışan Prezident İlham Əliyev “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, həmçinin Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Azərbaycana qarşı feyk xəbərləri ifşa etdi, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurdu, bütün faktları dünya ictimaiyyətinin diqqətinə soyuqqanlılıq, səbir və təmkinlə çatdırdı. Belə ki, dövlətimizin başçısı bir daha məsələlərə operativ müdaxiləsi və reaksiyası, hadisələri nəzarətə götürmək, vəziyyəti idarə etmək bacarığı ilə istənilən ağır şəraitdə, taleyüklü məqamlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu. Dövlətimizin başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın ürəyindən xəbər verdi, onun sözünü və mövqeyini ifadə etdi. Bu müsahibələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi, onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik Lider hesab edir, ona inanır, güvənir və onu tam dəstəkləyir. Belə taleyüklü anda xalqımız dövlətimizin başçısını tamamilə dəstəklədi, onun səsinə səs verdi.

“Prezident İlham Əliyevin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr onu da sübut edir ki, dövlətimizin başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur. Prezident İlham Əliyevin xarici mediaya müsahibələrindəki kəskin, hətta bəzən təxribatçı suallara təmkinli və tutarlı cavabları bir daha onun mahir siyasətçi və diplomat olduğunu sübut etdi”, - deyə Ş.Həsənova əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.