REGİONLAR


Döyüş yoldaşları şəhid Orxan Babayevin ailəsinə baş çəkib VİDEO

Ağstafa, 16 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Vətən müharibəsinin şəhidləri hər kəsin qəlbində daimi yer salıb. Şəhid ailələri diqqət və qayğı ilə əhatələnməklə yanaşı, ziyarət yerinə də çevrilib. Belə şəhidlərimizdən biri də Orxan Babayevdir. Onun döyüş yoldaşları doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qarahəsənli kəndinə gələrək, həm şəhidimizin qəbrini ziyarət edib, həm də onun ailəsinə baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, qazilər Qarahəsənli kəndində şəhid Orxan Babayevin ailəsi ilə görüşərək döyüş yoldaşlarının igidliklərindən danışıblar. Döyüşlər zamanı çətinliklərə sinə gərən Orxanın ölümün gözünə dik baxdığını, dəfələrlə həyatını təhlükəyə ataraq öz əsgər yoldaşlarını ölümdən xilas etdiyini deyirlər.

“Babayev Orxan qəhrəmancasına döyüşdü. Fəxr edirik ki, belə qardaşlarla yan-yana döyüşmüşük. Onların ailəsi ilə görüşməkdən qürur hissi keçiririk. Bütün şəhidlərimizin ailəsinə səbir diləyirik”, – deyə Vətən müharibəsinin qazisi Əziz Muradov bildirib.

Şəhidimizin digər döyüş yoldaşı Vüsal Qurbanov da Orxanın qəhrəmanlığından söz açıb: “Səhər saat 6-da hücuma keçmişdik. Erməni snayperi bizi hədəf alırdı, irəliləməyə imkan vermirdi. Axşam hava qaralana qədər orada qaldıq. Susuz idik, uzun müddət belə qala bilməzdik. Bunu görən Orxan yoldaşı ilə birgə həyatlarını təhlükəyə ataraq, su gətirməyə getdilər və bizi pis vəziyyətdən qurtardılar. Orxanın fədakarlığı çox olub. Allah ona rəhmət eləsin”.

Əsgər yoldaşları Orxanın igidliklərindən danışdıqca, şəhid anasının da ürəyi dağa dönürdü. Oğlu ilə daha çox fəxr edirdi. Döyüşlər vaxtı anası ilə danışanda hər dəfə ona torpaqlarımızın azad olunması xəbərini deyərdi...

“Torpaqlarımız alındıqca, Orxan elə sevinirdi ki... Deyirdi, ana axşam televizora baxarsız, qələbəmizi deyəcəklər. Çox vətənpərvər uşaq idi. Şəhid analarını dinləyirəm, sanki hamısı seçilmiş uşaqlardı”, - deyə Orxanın anası Pərvanə Babayeva söyləyir.

Orxanın bu il aprelin 17-də 20 yaşı tamam olacaqdı. Müharibənin ilk günündən sonuna qədər döyüşlərdə iştirak edib. Füzulidən Xocavəndə qədər döyüş yolu keçib. Şuşa azad edildikdən bir gün sonra, noyabrın 9-da Xocavənd istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Döyüşlərdə düşmən texnikasına və canlı qüvvəsinə qənim kəsilən, onları sıradan çıxararaq daha da həvəslə döyüşlərə atılan Orxan hər kəs üçün nümunəvi döyüşçü olub. Neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanında xilas edib.

Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunması” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.