Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına Azərbaycana dair kitablar təqdim olunmuşdur
AzerTAg.az
Bakı, 21 sentyabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə dair silsilə tədbirlər çərçivəsində Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, S.İmanov “Erməni terroru”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, küveytli yazıçı Adil Əl-Fallhin “Heydər Əliyev və milli mənəvi dəyərlər” və “Azərbaycan xalçaları” kitablarını kitabxanaya təqdim etmişdir.
Kitablar “Azərbaycan” Cəmiyyətinin rəsmi müraciətinə əsasən təqdim olunduğu üçün təqdimat mərasimində Dubay hökumətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəhbəri Əhməd Əl-Zahiri də iştirak etmişdir.
S.İmanov Dubay əmirliyinin dövlət rəsmilərinə Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, xüsusilə 10 il ərzində qazanılmış uğurlar, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilikləri barədə məlumat vermişdir.
Ə.Əl-Zahiri S.İmanova Azərbaycana dair ətraflı məlumat verdiyinə və Dubay Əmirliyinin Mərkəzi Kitabxanasına bu cür maraqlı kitabları təqdim etdiyinə görə təşəkkürünü bildirmişdir. Qeyd olunmuşdur ki, bu kitablar Dubayın digər kitabxanalarına da paylanacaqdır.
######
Xəbərin mətnində orfoqrafik səhv var