İQTİSADİYYAT


“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunun təqdimatı olub

Bakı, 25 iyun, Elvin Camalov, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində keçiriləcək “Ekspo 2020” ümumdünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın da pavilyonu təmsil olunacaq. Sərgi bu il oktyabrın 1-dən 2022-ci il martın 31-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, iyunun 25-də Heydər Əliyev Mərkəzində “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonu təqdim edilib. Təqdimatın keçirilməsində məqsəd Azərbaycanın “Dubay Ekspo 2020”yə qatılmasının əhəmiyyətini, həmçinin pavilyonun dizayn tərtibatını və onun verdiyi imkanları ictimaiyyətə çatdırmaq olub.

“Dubay Ekspo 2020”də Azərbaycan pavilyonunun komissar müavini Nərmin Carçalova bildirib ki, Azərbaycan ekspo sərgilərinə çox böyük əhəmiyyət verir, “Milan Ekspo 2015”dən bu yana ölkəmiz öz milli pavilyonu ilə bütün ekspo tədbirlərində iştirak edib.

Ölkəmiz “Dubay Ekspo 2020” sərgisində iştirakla bağlı təsdiqini verən ilk ölkələrdən biri olub. Sərginin ötən il keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınmışdı.

2017-ci ildən başlanılan pavilyonun tikintisi artıq yekunlaşmaq üzrədir.

“Dubay Ekspo 2020”də Azərbaycan pavilyonunun direktoru Rüstəm İbrahimov Azərbaycanın sərgidə iştirakının əhəmiyyətinə toxunub. Bildirib ki, mədəni diplomatiya, əməkdaşlıq əlaqələri qurmaq, digər ölkələrdə potensial turistlərlə, biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq üçün “Dubay Ekspo 2020”də iştirak böyük önəm kəsb edir. Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsini, o cümlədən son illərdə Milan, Antalya və Astanada keçirilən ekspo sərgilərində milli pavilyonla uğurla təmsil olunmasını nəzərə alsaq, budəfəki pavilyonumuzun da ziyarətçilərin böyük marağına səbəb olacağı gözlənilir.

Ərazi baxımından “Dubay Ekspo 2020” bu günə qədər təşkil olunan ən böyük ekspo tədbirdir. Sərginin 400 hektardan çox ərazisi var. “Dubay Ekspo 2020” “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusunda keçirilir.

Beynəlxalq sərgidə 190 ölkə təmsil olunur. “Dubay Ekspo 2020”nin keçiriləcəyi 6 ay ərzində 25 milyon nəfərin sərgini ziyarət edəcəyi proqnozlaşdırılır. Sərginin ərazisi tematik olaraq 3 hissəyə bölünür: davamlılıq, mobillik və imkan. Azərbaycanın pavilyonu burada davamlılıq hissəsində yerləşir.

Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunacaq. Bu mövzu yaşadığımız dünyanın və mühitin dayanıqlı inkişafda yeganə yolunun gələcəyə sərmayə yatırımlarına bağlı olduğunu vurğulayır. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir. Üçmərtəbəli, ağac və onun budaqları formasını xatırladan pavilyonumuzun konsepsiyası təsdiq edir ki, yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmaq mümkündür. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi əks olunacaq, Azərbaycan qlobal biomüxtəlifliyinin bir hissəsi olduğu göstəriləcək.

Pavilyondakı təqdimatlarla gənc, müstəqil Azərbaycanın ətraf mühitin mühafizəsi, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına sərmayə yatırımı və dayanıqlı inkişaf kimi qlobal məsələlərdə böyük uğurlara imza atdığı nümayiş etdiriləcək.

Ekspo çərçivəsində Azərbaycan milli günü, eləcə də ümumdünya sərgisinin davam etdiyi müddətdə pavilyonumuzda müxtəlif sahələri əhatə edən ayrı-ayrı tədbirlərin təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.