ELM VƏ TƏHSİL
Dubay Wollongong Universiteti və Bilik Fondu əməkdaşlığa başlayır
Bakı, 26 oktyabr, AZƏRTAC
Qlobal Karyera İnstitutunun dəvətilə Bakıda səfərdə olan Avstraliyanın Wollongong Universiteti Dubay filialının rektoru, professor Mohammad Salem Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, icraçı direktor Oktay Səmədov təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, Fondun əsas məqsədi əhalinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji, humanitar biliklərinin artırılmasına, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliğinə, ölkənin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılmasına, gənclərin elmi biliklərinin artırılmasına, Azərbaycan elminin dünyada, dünya elminin ölkəmizdə tanıdılmasına xidmət göstərməkdir. Bu gün neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı ölkə rəhbərinin tapşırıqları uğurla yerinə yetirilir. Alimlərin, mütəxəssislərin bölgələrdə və paytaxtda təşkil olunan mühazirələrində, "dəyirmi masa”larda, təqdimatlarda, müsabiqələrdə müxtəlif xarakterli maarifləndirici tədbirlərdə gənclərə azərbaycançılıq ideologiyası kontekstində müasir düşüncə tərzinin vacibliyi aşılanır.
Fondun “İlboyu bilik” proqramı əsasında “Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada” layihələrini icra etdiyini, həm yerli, həm də xarici alimlərin üzvü olduğu “Lektorlar qrupu”nun formalaşdığını diqqətə çatdıran O.Səmədov bir neçə təklif səsləndirib. Qeyd edib ki, Wollongong Universitetinin Dubay filialının alim kontingentinin Azərbaycanın müxtəlif məkanlarında mühazirələrinin, magistrlərinin eyni istiqamətli bir neçə ali təhsil müəssisəsində təcrübələrinin təşkilinə, hər iki qurum arasında elmi populyar nəşrlərin mübadiləsinə dəstək göstərmək məqsədəuyğun olardı.
Dubay Wollongong Universitetinin rektoru M.Salem rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixindən və təhsil strategiyasından söz açıb. Əsası Avstraliyada qoyulmuş universitetin 1993-cü ildə Dubay filialının açıldığını deyən rektor kolleclə birgə ali məktəbdə 4 minə yaxın tələbə və magistrantın təhsil aldığını söyləyib.
M.Salemin sözlərinə görə, hədəfi etik, mobil, texnoloji cəhətdən savadlı məzunlar yetişdirmək olan universitetdə biznes, mühəndislik, informasiya, incəsənət və humanitar elmləri əhatə edən fakültələr fəaliyyət göstərir. Bütün proqramlar xüsusi olaraq milli məşğulluq bazarının tələbatını ödəmək üçün hazırlanıb. Ali məktəbin professor heyəti geniş tədris, tədqiqat və sənaye təcrübəsilə dünyaya səs salan yüksək mövqeli alimlərdən ibarətdir, 9500-dən çox məzun regionun dövlət və özəl sektorunda yüksək səviyyəli vəzifələrdə çalışır.
Professor M.Salem Fondun icraçı direktoru O.Səmədov tərəfindən irəli sürülən təklifləri dəstəkləməyə hazır olduqlarını vurğulayıb. Yaxın gələcəkdə qurumlar arasında niyyət protokolunun imzalanması ilə bağlı ilkin razılıq əldə olunub.