DÜNYA
Dubay polisi: “Məryəm” onlayn oyunu təhlükəlidir
Abu-Dabi, 10 avqust, AZƏRTAC
Şəxsi informasiya toplayan “Məryəm” yeni onlayn oyunu Dubayda yeniyetmələr arasında populyarlıq qazanıb. Əmirliyin polisi oyun nəticəsində şəxsi məlumatların sızma təhlükəsi barədə valideynlərə xəbərdarlıq edir. Bu barədə “Gulf News” nəşri məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, bu ilin iyul ayında işə salınmış onlayn oyunu kibertəhlükəsizlik üzrə hüquq-mühafizə orqanlarının mütəxəssisləri tərəfindən pis qiymətləndirilib. Qeyd olunur ki, “vahimə” üslubunda süjet meşədə azmış uşağın ətrafında inkişaf edir. Uşağa “evə gedən yolu tapmaqda kömək etmək” lazımdır. Lakin bu zaman oyunçulara məlumat toplamaq məqsədilə şəxsi xarakterli, hətta Qətər böhranı barədə suallar verilir.
Oyunçular artıq öz “Twitter” səhifələrində şəxsi, o cümlədən yaşayış yeri barədə məlumat verməli olduqları üçün şikayətlərini bildiriblər. Polis əməkdaşları deyirlər ki, oyun istifadəçilərin smartfonlarından şəxsi foto və məxfi məlumatları əldə edə bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi