SİYASƏT


Dubayda Azərbaycan icması ilə görüş keçirilib

Bakı, 26 mart, AZƏRTAC

Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda baş tutan tədbirdə Komitənin sədri Fuad Muradov “Şuşa İli” və ənənəvi Novruz bayramı münasibətilə tədbir iştirakçılarını, eləcə də dünya azərbaycanlılarını təbrik edib.

Komitə sədri bildirib ki, xalqımız Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Şuşa İli”ni təntənəli şəkildə qeyd edir: “Sərginin ən yaxşı pavilyonu sayılan Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunması və pavilyonda ziyarətçilərin çox olması bizi sevindirir. Vətənimizin qədim tarixini, zəngin mədəniyyətini və incəsənətini burada beynəlxalq ictimaiyyətə bir daha təqdim edə bilirik. Azərbaycanlı uşaqların sərgidə olması da sevindirici haldır, onlar Dubayın mərkəzində sanki böyük Azərbaycanın bir parçasını seyr edir və bundan qürur hissi keçirirlər. Həmin uşaqların bəziləri BƏƏ-də dünyaya gəlib, lakin buradakı diasporumuzun geniş və hərtərəfli fəaliyyəti, ailələrin milli adət-ənənələrlə yaşaması onları qırılmaz tellərlə tarixi vətənlərinə bağlayır, Azərbaycana böyük məhəbbət hissi aşılayır. Uşaqların bizi doğma dilimizdə qarşılaması və salamlaması bunun ən bariz nümunəsidir. Bir millətin ana dili və mədəniyyəti yaşayırsa, həmin millət hər zaman yüksək mövqelər qazanacaq, kökünə, dəyərlərinə bağlı qalacaq”.

Daha sonra son illər soydaşlarımızla təşkil olunan görüşlər nəticəsində Dubayda və BƏƏ-də yaşayan azərbaycanlıların sarsılmaz birliyinə nail olunması, bayram və anım günlərimizin, xüsusilə Zəfər bayramının burada təntənə ilə qeyd edilməsi, BƏƏ-də yaşayan soydaşlarımızın 5 min şəhid və qazi ailəsinə dəstək göstərməsi diqqətə çatdırılıb.

Tədbirdə Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiriciləri çıxış edərək, Azərbaycan pavilyonunun zənginliyini və tədbirin əhəmiyyətini nəzərə çatdırıblar.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun ifasında təqdim olunan “Qarabağ sədası” adlı konsert proqramı tədbir iştirakçılarının zövqünü oxşayıb və onlara xoş əhval-ruhiyyə bəxş edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.