MƏDƏNİYYƏT


Dubayda “Bakı mehi” adlı rəsm sərgisi açılıb

Dubay, 12 aprel, AZƏRTAC

Dubay şəhərində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Baş Konsulluğu, Azərbaycan Ticarət Nümayəndəliyi və “Mincə Sənət” qalereyasının təşkilatçılığı ilə azərbaycanlı rəssamların “Bakı mehi” (Baku breeze) adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ticarət evində təşkil olunmuş sərginin əsas məqsədi incəsənət nümayəndələrimizin yerli ictimaiyyətə tanıdılmasıdır. Sərgidə 25 azərbaycanlı rəssamın 50-dən çox əsəri nümayiş olunur.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov bu sərginin ölkəmizin milli incəsənətinin təbliği və Azərbaycan mədəniyyətinin BƏƏ-də daha da yaxşı tanıdılması baxımından əhəmiyyətindən danışıb. Baş konsul xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən incəsənət və mədəniyyət xadimlərinə daima böyük diqqət və qayğı göstərilir və məhz bu diqqətin nəticəsidir ki, qısa müddət ərzində Dubayda bir neçə sərgi təşkil olunub. Diplomatın sözlərinə görə, Azərbaycan evi qısa müddətdir fəaliyyət göstərir və artıq bu məkan bütün həmvətənlərimizin doğma evinə çevrilib.

Sərginin təşkilatçılarından olan “Mincə Sənət” qalereyasının sahibəsi Fidan Bədəlova öz çıxışında Azərbaycanın Dubaydakı baş konsulluğuna və Azərbaycan ticarət evinə sərginin təşkilinə və ölkəmizin sənətini xaricdə təbliğ etməyə imkan yaratdığına görə dərin minnətdarlığını bildirib. F.Bədəlova qeyd edib ki, Dubayda keçirilən sərgidə əsas məqsəd milli sənət incilərini təqdim və təbliğ etməkdir. “Əsas hədəflərimizdən birinin də dünyaya Azərbaycan xalqının nə dərəcədə bu sahədə yeni ideyalarla və müasir təsəvvürlərlə zəngin olmasını göstərməkdir”.

Daha sonra baş konsul Cavidan Hüseynov sərgidə iştirak edən rəssamlara sertifikatlar paylayıb.

Sərgidə ölkəmizin tarixi abidələrini, təbiətini, görməli yerlərini əks etdirən tablolar, eləcə də natürmortlar, milli xalça və digər sənət nümunələri yerli ziyarətçilərin və həmvətənlərimizin böyük marağına səbəb olub.

Sərgi iştirakçısı rəssam Səidə Əkbərova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Dubayda baş tutan sərgi rəssamlarımızın və incəsənətimizin ölkədən kənarda tanınması üçün böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hər bir rəssam üçün öz işlərini nümayiş etdirmək, öz yaradıcılığı, öz duyğuları ilə bölüşmək çox önəmlidir. S.Əkbərova deyib: “Mənim burada dörd əsərim təqdim olunub – “Bakının alovları”, “Günəşin batması”, “Güllər” və abstrakt mövzudakı rəsmim. Çox xoşdur ki, sərgiyə gələn ziyarətçilər bizim yaradıcılığımıza böyük maraq göstərir və Azərbaycan sənəti ilə daha yaxından tanış olur”.

Rəssam-dizayner, “Partcha” brendinin sahibi Aydan Məmmədova bildirib ki, bu sərgidə iştirak etmək çox əhəmiyyətlidir və hər bir rəssam xaricdə keçirilən sərgilərdə öz işlərini nümayiş etməkdə, Azərbaycanı təmsil etməkdə çox maraqlıdır. Onun sözlərinə görə, dubaylıların bizim sərgiyə böyük marağı çox gözəl əhval-ruhiyyə yaradır.

Azərbaycan evində təşkil olunan sərgi aprelin 17-dək davam edəcək.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.