CƏMİYYƏT
Dubayda “Günəş parkı” təmiz enerji layihəsinin üçüncü fazası başa çatır
Bakı, 20 yanvar, AZƏRTAC
Dubay Əmirliyində unikal təmiz enerji layihəsi olan “Günəş parkı” elektrik stansiyasının 300 MVt gücündə olacaq üçüncü fazası cari ilin aprelindən istifadəyə veriləcək.
AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Dubay Elektrik Enerjisi və Su Ehtiyatları Departamenti məlumat yayıb.
Qeyd olunub ki, tikintisi başa çatdıqdan sonra “Günəş parkı” dünyanın ən böyük müstəqil günəş enerjisi istehsal edəcək IPP modelli stansiyası olacaq. 2030-cu ilədək onun gücünün 5000 MVt-a çatdırılması nəzərdə tutulur və bu məqsədlə 50 milyard dirhəm (təqribən 14 milyard dollar) sərmayə qoyulacaq. Elektrik stansiyasında günəş fermalarında olan fotovolt texnologiyaları vasitəsilə enerji istehsalı həyata keçiriləcək. Yeni yarımstansiyada tezliklə eksperimental sınaq işlərinə start veriləcək.
“Günəş parkının” tikintisi Əbu-Dabinin “Future Energy Company”, “Masdar” və EDF şirkətlər qrupu tərəfindən aparılır. Onun ilk fazası 2018-ci ilin mayında (200 MVt), ikincisi isə həmin ilin avqustunda (300 MVt) istifadəyə verilib. Beləliklə, apreldə stansiyanın ümumi gücü 800 MVt olacaq.
Dubay Əmirliyi 2050-ci ilədək istehsal olunan bütün enerjinin həcminin 75 faizini təmiz mənbələr hesabına əldə etməyi və şəhəri dünyada ən az karbon qazı emissiya edən məkana çevirməyi planlaşdırır.