DÜNYA
Dubayda Kraliça Mariya-Antunettanın zinət əşyalarının sərgisi keçirilir
Əbu-Dabi, 11 oktyabr, AZƏRTAC
Fransa Kraliçası Mariya-Antunettanın 200 ildən artıq müddətdə şəxsi kolleksiyalarda saxlanmış zinət əşyaları gələn ay hərraca qoyulacaq.
AZƏRTAC “Gulf Business” nəşrinə istinadla xəbər verir ki, “Sotheby's” hərrac evi bu əşyaları satışa çıxarmazdan əvvəl onlar Dubayın beynəlxalq maliyyə mərkəzində sərgidə nümayiş etdiriləcək.
“Sotheby's” hərrac evi bu zinət əşyalarını indiyə qədər hərraca çıxarılmış zərgərlik məmulatlarının ən mühüm kolleksiyalarından biri kimi qiymətləndirir. Fransa Kraliçasının kolleksiyasına natural mirvari və brilyantlardan ibarət kulon, habelə dəyəri 1,5-3,5 milyon dollara qədər olan boyunbağı, bəzək sancağı və sırğalar daxildir.
Kraliça Mariya-Antunettanın noyabr ayında Cenevrədə hərraca çıxarılacaq zinət əşyaları Dubaydan sonra London, Nyu-York və Honkonq şəhərlərində də nümayiş etdiriləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi