DÜNYA
Dubayda iki əcnəbi lotereyada hərəyə 1 milyon dollar qazanıblar
Abu-Dabi, 2 noyabr, AZƏRTAC
50 yaşlı hindli ekspat (əcnəbi işçi) “Dubai Duty Free” lotereya oyununun növbəti tirajı nəticəsində dollar milyonçusuna çevrilib.
AZƏRTAC “GulfNews” nəşrinə istinadən xəbər verir ki, artıq 27 ildir Birləşmiş Ərəb Əmirliklərində yaşayan bu şəxs Abu-Dabidəki şirkətlərin birində əməliyyatçı-menecer işləyir. Hər dəfə təyyarə ilə yola çıxanda azı 1 ədəd 1000 dirhəmlik (272 dollar) lotereya bileti almaq adəti bu dəfə ona uduş qazandırıb. Özünün hesablamalarına görə, milyonu udanadək o, 10 il ərzində təxminən 20 min dirhəmdən 40 min dirhəmədək (5,4 min -10,9 min dollar) sərf edib.
Lotereyanın digər qalibi Yaponiyanın 47 yaşlı vətəndaşı Yasunobu Yamadadır. O, lotereya biletini Almaniyaya uçarkən alıb. Dubaya ikinci dəfə səfər edən Yamada təsəvvürünə gətirə bilməzdi ki, bu səfər onu bir anda milyonçuya çevirə bilər.
Tirajın daha iki qalibi çox bahalı “Aston Martin Rapide” markalı avtomobil və “BMW R Nine T Racer” motosikli qazanıblar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi