DÜNYA
Dubayda növbəti beynəlxalq aviasiya sərgisi keçiriləcək
Əbu-Dabi, 10 noyabr, AZƏRTAC
2019-cu ilin noyabrında Dubayda növbəti beynəlxalq aviasiya sərgisi - “Dubai Airshow 2019” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Dubayda keçiriləcək ən böyük aviasiya sərgisində dünyanın hər yerindən gətiriləcək müasir təyyarələr nümayiş etdiriləcək. Aviasalonda aviasiya texnikası sahəsində istehsalçı şirkətlər özlərinin ən qabaqcıl nailiyyətlərini təqdim edəcəklər. Bununla yanaşı, sərgidə müdafiə sənayesinin son nailiyyətləri də yer alacaq.
“Əl-Maktum” aviasiya şəhərciyində yerləşəcək və beş əsas bölmədən ibarət olacaq sərgidə beynəlxalq texnologiya və aeroportlar üçün yeniliklər sərgisi, kosmik pavilyon və Birləşmiş Ərəb Əmirlikləri sərgisi, pilotsuz uçuş aparatları və hava yükdaşımaları sərgiləri, pilotların hazırlanması üzrə konfrans fəaliyyət göstərəcək.
Xatırladaq ki, ölkəmiz ötən il Dubayda keçirilmiş “Dubai Airshow 2017” sərgisində "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun başçılıq etdiyi rəsmi nümayəndə heyəti ilə təmsil olunmuşdu. Tədbir çərçivəsində AZAL təyyarələr alınmasına dair çoxmilyardlıq kontraktlar imzalamış, hava gəmiləri üçün elektronika və rabitə avadanlıqları sisteminin əldə olunması üzrə müqavilələr bağlamışdı.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi