MƏDƏNİYYƏT


Dubayda tranzit turistlər üçün abonement buraxılıb

Bakı, 15 may, Emil Eyyubov, AZƏRTAC 

Dubayın Turizm və Kommersiya Marketinqi Departamenti (Dubai Tourism) Dubai Pass kartının uğurlu təcrübəsində istinadla tranzit turistlər üçün Dubai Stopover Pass abonementi buraxır. Bu kart turistlərə ən əlverişli şərtlərlə şəhərin bütün görməli məkanlarına və əyləncə yerlərinə getməyə şərait yaradır.

AZƏRTAC xəbər verir ki, bu barədə regionun ən böyük “Arabian Travel Market 2019” (ATM) turizm sərgisində məlumat verilib. Dubai Stopover Pass abonementi Dubaydan tranzitlə keçən, yaxud qısa müddətdə Əmirliklərə gələn turistlər üçün nəzərdə tutulub. Onun köməyi ilə səyahətçilər öz puluna qənaət etməklə yanaşı, vaxtlarını da səmərəli keçirəcəklər. Yeni abonement şəhərin ən yaxşı əyləncə məkanlarına sərbəst girişi, ekskursiya və kruizlərə gedişi təmin edir. Dubayın qonaqları 36 saat ərzində iki, üç və ya dörd əsas görməli yerlərə səyahəti seçə bilərlər.

Dubayın Turizm və Kommersiya Marketinqi Departamentinin baş direktoru İssan Kazim deyib: “Bu gün səyahətçilər fərdi təkliflər və unikallıq axtarırlar, ona görə də biz tərəfdaşlarımızla birlikdə Dubayda daha qısa vaxt ərzində əylənməyə imkan verən qısamüddətli turizm proqramları üzərində işləyirik. Dubai Stopover Pass məhz bu birgə işin məhsuludur. Onun hazırlanmasında bir çox özəl şirkətlər və dövlət strukturlarının nümayəndələri iştirak ediblər”.

Yeni abonementi əvvəlcədən əldə edən turistlər giriş biletlərinə 60 faiz qənaət edə biləcəklər. Bu kartın sayəsində dünyanın ən yüksək binası Bürc-Xəlifənin üzərindəki panorama meydançasına, bir çox əyləncə yerlərinə, qayıqla Bürc gölündə gəzintiyə, “Hop On Hop Off” ekskursiya avtobusu ilə səyahətə, Dubay-Marinada şam yeməyi olan kruizə, Dubay akvariumuna və sualtı zooparka, “Dubay Çərçivəsi”nə getmək mümkündür.

Dubai Stopover Pass abonementinin qiyməti böyüklər üçün 199 dirhəmdən (54 dollar), azyaşlılar üçün 169 dirhəmdən (46 dollar) başlayır. Bu növ kartlar siyahıda olan 2 attraksiona da pulsuz girişə imkan verir. Üçüncü attraksionlara giriş isə böyüklər üçün 76 dollar, uşaqlar üçün 62 dollardır. Əgər dördüncü attraksiona getmək istəsəniz, bu böyüklərə 105 dollara, uşaqlara isə 92 dollara başa gələcək. Abonementlərə gəzinti zamanı həmişə onlayn qalmağı təmin edən mobil Wi-Fi qiymətləri də daxildir.

Dubai Stopover Pass abonementini www.dubaipass.ae saytında əldə etmək olar. Seçdiyiniz görməli məkanlar və ekskursiyalara getmək üçün onu sadəcə girişdə təqdim etmək lazımdır.

Bundan əvvəl, 2019-cu ilin aprelində Dubayın Turizm və Kommersiya Marketinqi Departamenti elan etmişdi ki, turistlər Dubai Pass abonementi ilə daha çox görməli məkana səyahət edə bilərlər. Belə ki, əvvəllər nəzərdə tutulmuş 33 əyləncəyə daha 15-i əlavə olunub. Onların arasında Emirati Kashta Cultural Tours, Laguna Water Park, Hub Zero oyun avtomatları klubu, The Green Planetin damı altında tropik meşə, Mattel Play Town əyləncə mərkəzi, VR Park virtual reallıq parkı, Reel Cinema kinoteatrı və başqaları var.

Qeyd edək ki, Dubai Pass abonementinə üç paket – “seçilmiş” (Select), “limitsiz” (Unlimited) və “çevik” (Flexi) daxildir. Qiymətlər böyüklər üçün 116 dollardan, uşaqlar üçün 110 dollardan başlayır. Dubai Pass yenilənmiş abonementi populyar görməli məkanlara səyahət etməyə və sərfəli şərtlərlə Dubayın əyləncə məkanlarına baş çəkməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.