SİYASƏT
Dubaydakı Azərbaycan diasporu ulu öndər Heydər Əliyevin 88-ci ildönümünü və 28 may - Respublika Gününü qeyd etmişdir
Bakı, 12 may (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki “Azərbaycan” Cəmiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və 28 may – Respublika Günü münasibətilə tədbir keçirmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar və digər xalqların diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər. Cəmiyyətin sədri Samir İmanov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının tarixi, nailiyyətləri, süqutu və bunun səbəbləri, 1991-ci ildən sonra yenidən Azərbaycanın müstəqilliyinin bərpa edilməsi haqqında çıxış etmişdir. O, müdrik siyasətçi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanması məqsədi ilə göstərdiyi misilsiz xidmətlərdən ətraflı danışmışdır.
Natiq ulu öndərin həyat və fəaliyyətindən də söz açmış, xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən ömür yolundan danışmışdır. Qeyd etmişdir ki, Heydər Əliyev şəxsiyyəti və siyasəti yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda dəyərləndirilməlidir. Bu gün Azərbaycanın daxili və xarici siyasətində böyük tərəqqi vardır. Lakin torpaqlarımızın 20 faizinin işğal altında olması ölkəmizin daha sürətlə inkişaf etməsinə mənfi təsir göstərir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və İslam Konfransı Təşkilatının qətnamələrinə baxmayaraq, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları hələ də işğal altında saxlayır. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də, təəssüf ki, heç bir səmərə vermir.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Azərbaycan deyəndə” filmi nümayiş etdirilmişdir.
Tədbirin keçirildiyi salonda ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotolövhələr maraqla qarşılanmışdır.
İştirakçılara ulu öndərlə bağlı müxtəlif kitab, jurnal və DVD-lər paylanmışdır.
######