CƏMİYYƏT
Dübəndi bağlarında yeni tikilməkdə olan on evdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Pirallahı rayonunun Dübəndi bağları yaşayış massivində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən Pirallahı Rayon Polis Şöbəsinə müraciət edərək evdən məişət əşyalarının oğurlanması barədə məlumat verib. Həmin ərazidə yaşayan və eyni məzmunlu şikayətlərlə müraciət edən daha doqquz sakinin ərizəsi də polis şöbəsində qeydə alınıb. Onlar da evlərdən tikinti materialları, təmir-tikinti alətləri və digər əşyaların oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Xəyal Şirinov və Elman Əzizov Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Onlar izahatında törətdikləri oğurluq əməllərini etiraf ediblər.
Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.