İQTİSADİYYAT


Dubrovnik - Xorvatiyanın ən gözəl şəhəri

Bakı, 17 dekabr, Emil Eyyubov, AZƏRTAC

Təsəvvürünüzə gətirin ki, siz günəşli havada qədim şəhəri əhatə edən qala divarlarının ən hündür yerində durmusunuz, aşağıda orta əsrlər tikililərinin qırmızı damları sanki alışıb yanır, qarşınızda ucu-bucağı görünməyən sayrışan mavi dəniz, arxanızda isə meşəli təpələr dayanır. Bura Dubrovnikdir! UNESCO-nun Dünya İrs Siyahısına salınan bu Xorvatiya şəhəri 15 əsrdən artıq tarixə malik olmasına baxmayaraq, çox gözəl qorunub saxlanılıb və açıq səma altında muzey hesab edilir. Bununla yanaşı, Dubrovnik çoxsaylı təmiz çimərliklərə, autentik restoranlara, təbiətlə ünsiyyət imkanlarına, aktiv və sağlamlıq turizminə malik şəhərdir.

Şəhər divarlarında gəzinti və ya Adriatik dənizinin incisi

Dubrovnikin yaşayış məntəqəsi kimi meydana çıxmasının Roma imperiyası dövründə baş verdiyi ehtimal olunur. V və ya VI əsrlərin geniş Roma-Bizans bazilikasının qalıqlarının aşkar edilməsi Dubrovnikin 1600 ildən çox tarixə malik olmasını sübuta yetirir. Şəhərin inkişafı hər şeydən əvvəl onun Adriatik dənizinin şərq sahillərində gözəl coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. XV əsrdə Venesiya donanması ilə yanaşı, Dubrovnikin ticarət donanması Aralıq dənizində ən iri sayılırdı. II əsrdən başlayaraq XIX əsrin əvvəlləri - Napoleonun işğalçı müharibələri dövrünədək Dubrovnik müstəqil respublika idi, ölkəyə knyaz başçılıq edirdi. İndiyədək Köhnə şəhərin divarlarında Knyaz sarayı qorunub saxlanılır. 

Müstəqillik illəri Dubrovnik üçün qızıl dövr olub, şəhər bir çox istiqamətlərdə inkişaf edib. Burada XIV əsrdə kanalizasiya xətti, XV əsrdə isə 11,7 kilometr uzunluğunda su kəməri çəkilib. Dünyada ilk karantin (səhiyyə məntəqəsi) XIV əsrdə Dubrovnikdə açılıb. Məhz buradakı Fransisko monastırının divarlarında XIV əsrin əvvəllərində yaradılan, dünyanın 3 qədim aptekindən biri yerləşir. Bu aptek günümüzdə də fəaliyyət göstərir. Əvvəlcə rahiblər üçün nəzərdə tutulan aptek, vaxt keçdikcə əsasən humanitar nöqteyi-nəzərdən monastır divarlarından kənarda da fəaliyyətini genişləndirib və ictimai obyektə çevrilib. Bu gün buradakı rəflərdə köhnə üsulla hazırlanan dərmanları da görmək olar.

Dövlət, həmçinin incəsənətin himayəçisi kimi də fəaliyyət göstərib. Fransisko monastırının aptekində 1106-cı ilə aid ən qədim musiqi səsyazmaları saxlanılır. Açıq səma altında müasir operaya bənzəyən ilk ictimai tamaşanı şəhər hakimiyyəti yerli müəllifə sifariş verib. 1552-ci ildə Knyaz sarayının qarşısında nümayiş olunan bu tamaşanı Dubrovnik teatrının başlanğıcı hesab etmək olar.

Dubrovnikin Köhnə şəhər mərkəzi – bir-birindən cəmi bir neçə dəqiqəlik piyada gəzinti məsafəsində yerləşən tarixi, memarlıq və mədəni məkanların əsas mərkəzidir. Qalalar, saraylar, muzeylər bu diyarın zəngin tarixi və mədəni irsi ilə daha yaxından tanış olmağa imkan yaradırlar. Bütün bu zənginlik Avropada qorunub saxlanılan ən yaxşı istehkam komplekslərindən biri hesab edilən hündür qala divarları ilə əhatə olunub.

1940 metr uzunluqda olan divarlarda 5 qala, 16 qüllə və istehkam ucalır. Qala divarları ziyarətə gələnlər üçün ilboyu açıqdır. Şəhər divarlarında gəzərkən Dubrovnik Respublikasının müdafiəsi üçün tikilmiş gözoxşayan istehkamları görmək olar. Beş qaladan üçü – Minçeta, Bokar və Müqəddəs İoann qalaları şəhər divarları daxilində, digər ikisi - qərbdə Lovrenats, şərqdə Revelin isə divarlardan ayrı yerləşir.

Məsələn, Müqəddəs İoann qalası şəhərin cənub-şərq istiqamətindən müdafiəsi üçün 1346-cı ildə tikilib, hazırda burada Akvarium və Dənizçilik muzeyi fəaliyyət göstərir. Muzeyin eksponatları Dubrovnik Respublikası yarandığı dövrdən İkinci Dünya müharibəsinədək və daha sonrakı illər ərzində şəhərdə ticarət və gəmiqayırmanın inkişafını əks etdirir.

Təxminən iki kilometrə yaxın uzunluqda olan divarlarda gəzinti Köhnə şəhər haqqında dairəvi panoramda görünüş əldə etmək üçün gözəl fürsətdir. Hər addımbaşı sizin qarşınızda şəhər memarlığının yeni səhnələri açılır: xüsusi harmoniya ilə dolu gizli bağlar və küçələr, meydanlar və tarixi abidələr.

Ta qədim zamanlardan Dubrovnikin sakinləri şəhərə iki əsas girişdən – şərqi Ploçe darvazasından və qərbi Pile darvazasından daxil olublar. Qaldırılan körpü isə sakinləri çağırılmayan qonaqlardan qorumaq məqsədi ilə gecələr yığılırmış. Pile şəhər darvazasından daxil olduqdan sonra pilləkənlə baş küçəyədək düşmək mümkündür. Bu küçə rəsmi olaraq Platsa adlansa da, daha çox Stradun adı ilə tanınır. Stradun Dubrovnikdə açıq səma altında əsas ictimai məkan, görüş və gəzinti üçün sevimli yerdir. Böyük mərasimlərin keçirilməsi ilə yanaşı, bura həm də iri ticarət zonasıdır. Bu məkan, həmçinin köhnə şəhər mərkəzini şimal və cənub hissələrə bölən enli və gözəl küçədir. Stradunun tarixçəsi XI əsrə gedib çıxır: Laus yarımadasını qurudakı əsas yaşayış hissəsindən ayıran kiçik dəniz kanalı bu dövrdə doldurulub. Küçə XII əsrin sonlarında, şəhər divarları ucaldılan zaman hər iki qəsəbənin birləşərək urbanistik vəhdət təşkil etməsi nəticəsində hazırkı görünüşünü alıb.

Stradunun qərb kənarında böyük Onofrio fəvvarəsi yerləşir. Fəvvarənin adı Dubrovnik su kəmərinin inşaatçısı Onofrio della Kavanın adından götürülüb. Stradunun əks tərəfində isə kiçik Onofrio fəvvarəsi yerləşir. Hər iki fəvvarədən axan buz kimi su bu gün də şəhərin sakinlərinə və qonaqlara sərinlik gətirir.

Sponza, “qara” makaronlar və Srdj

Köhnə şəhərin əsas görməli yerlərindən biri də 1516-1521-ci illərdə qotika-intibah üslubunda tikilmiş Sponza monumental sarayıdır. Dubrovnik Respublikası dövründə Sponzada anbarlar və gömrük yerləşib ki, bu da onun digər adının - Divonanın (italyanca tərcümədə “gömrük”) haradan qaynaqlandığını göstərir. Yerli usta Paskoye Militseviçin layihəsi əsasında tikilmiş bu sarayda, həmçinin zərbxana və maliyyə idarəsi yerləşib. Hazırda Sponza sarayında Dubrovnik dövlət arxivi yerləşir. Burada XII əsrdən başlayaraq ta Dubrovnik Respublikasının süqutunadək olan sənədlər saxlanılır. Qanunvericiliyə dair və hüquq kitablarının məcmusu, o cümlədən 1272-ci ildə Dubrovnikin statutu (nizamnamə) və Osmanlı İmperiyasının ali hakimiyyəti dövrünü təsdiqləyən bir çox nadir və unikal sənədlər xüsusilə qiymətlidir. 

Digər saray – Dubrovnikin knyazı və Dubrovnik Respublikası hökumətinin olduğu Knyaz sarayı hazırda mədəni-tarixi muzey qismində fəaliyyət göstərir. Burada XIV-XIX əsrlərə aid zəngin mebel, rəsm, sikkə və məişət əşyaları kolleksiyası nümayiş etdirilir. Binanın birinci mərtəbəsində məhkəmə zalı, həbsxanalar və dəftərxanalar var. Dubrovnik sikkələrinin, möhürlərin, tərəzilərin numizmatik kolleksiyası, həmçinin saat kolleksiyası beletajda yerləşir. Burada gözəl mebel, portret, geyim, aptek inventarı, müxtəlif silah nümunələri görmək mümkündür. Knyaz sarayında, həmçinin “Velikoe veçe” (Böyük şura) zalına aparan qapılar mövcuddur. Bu qapıların yuxarı hissəsində latın dilində “Şəxsi maraqlarınızı unudun, dövlət məsələləri ilə məşğul olun” sözləri həkk olunub. Atriumda isə Dubrovnik Respublikasının mövcudluğu dövründə abidə qoyulan yeganə vətəndaş olan varlı kapitan və xeyriyyəçi Mix Pratsatın büstü yerləşir.

Şəhər küçələrində və Stradunda gəzərkən siz mütləq çoxsaylı meydançalardan keçəcəksiniz. Belə ki, əgər siz səhər vaxtı Marina Drjiç (XVI əsrin komedioqraf və şairi) meydanında olsanız, o zaman yaşıl bazarı görəcəksiniz. Ətraf kəndlərdən fermerlər buraya öz məhsullarını gətirirlər. Dubrovnik regionu təbiət nemətləri ilə zəngindir. Onların sırasına dadlı tərəvəzlər (ənginar, badımcan, qulançar, paxlalılar, müxtəlif kələm növləri), müxtəlif meyvələr (nar, əncir, gavalı, üzüm, qarpız, qovun) və əlbəttə ki, təzə dəniz məhsulları, o cümlədən istridyə aiddir. Yerli məhsullardan dadmaq üçün turistlər Köhnə şəhərin meydan və küçələrində yerləşən açıq havada terrasları olan kafe-restoranlara üz tuturlar. Burada onlara qədim reseptlər əsasında hazırlanmış yerli təamlar – zeytun yağında marinad edilmiş pendirlər, səkkiz ayaqlı ilbiz salatı təklif olunur. “Šporki makaruli” – qızardılmış balıq və sous əlavə edilmiş “bozumtul” makaron daha populyardır. Həmçinin mürəkkəbböcəyinin mürəkkəbi ilə “rənglənmiş”, dəniz məhsulları və müxtəlif souslarla birgə verilən “qara” makaronlar da çox bəyənilir. Biz bu mürəkkəbin xüsusi dadını hiss etməsək də, bu təam çox effektli görünürdü.

Qala divarları ilə dövrələnmiş Köhnə şəhərin mənzərəsindən, dəniz genişliyindən və yaxınlıqdakı adalardan zövq almaqdan ötrü turistlər Dubrovnikdən 415 metr hündürlükdə yerləşən Srdj dağına yollanırlar. Bu dağa stansiyası Köhnə şəhərin yaxınlığında yerləşən kanat yolunun köməyi ilə qalxmaq mümkündür. Kabinka arzu edənləri bir neçə dəqiqə ərzində dağın zirvəsinə qaldırır. Burada baxış meydançası, restoran və suvenir mağazası yerləşir. Dağın zirvəsindəki İmperial qalasında “Vətəndaş müharibəsi muzeyi” də fəaliyyət göstərir.

Lokrum, “Taxt-tac oyunları” və kontonyata

Şəhərin görməli yerlərini gəzməyə sərf edilən enerjini yalnız təbiətin qoynunda və gözəl çimərlikdə bərpa etmək mümkündür. Dubrovnikin ən populyar çimərliyi olan Bane bilavasitə şəhərin yaxınlığında yerləşir və asudə vaxtın səmərəli keçirilməsi üçün böyük imkanlara - baydarkalarda gəzmə, paraseylinq və s. malikdir. 

Çimərlikdən Köhnə şəhərlə üzbəüz yerləşən Lokrum adasına gözəl mənzərə açılır. Bu adaya səfər sakit istirahəti və təbiətlə ünsiyyəti sevənlər üçün gözəl hədiyyədir. Lokrum adasına hər yarım saatdan bir şəhər limanından yola düşən kiçik gəmi ilə 10 dəqiqəyə çatmaq olar.

1959-cu ildə Xorvatiya Elm və İncəsənət Akademiyası adada Botanika bağı yaradıb. Bu bağ bu gün də ziyarətçilərin üzünə açıqdır. İki hektara yaxın sahədə 70 növ evkalipt görmək mümkündür ki, bu da Avstraliyanın hüdudlarından kənarda bu ağacların ən böyük kolleksiyasını təşkil edir. Bağın ərazisində 850-dən artıq ekzotik bitki növləri yetişir, bunlardan 453 növü ağac və kollar, həmçinin 400 növə yaxını sukkulentlərdir (kaktuslar və s.). Lokrum 1964-cü ildə təbiət qoruğu, 1976-cı ildə isə həm də UNESCO-nun mühafizəsi altında xüsusi meşə yaşıllığı elan edilib. Adanın 0,7 kvadratkilometr sahəsindən 0,6 kvadratkilometri sıx yaşıllıqla örtülüb.

Lokrum adası təkcə quruda deyil, həm də adanı əhatə edən dənizdə yaşayan müxtəlif heyvan növlərini ideal ekoloji şəraitlə təmin edir. Maraqlıdır ki, ada 43 müxtəlif quşlar sinfindən olan 156 növ quş üçün daimi yaşayış məskənidir. 150 il bundan əvvəl ershersoq Maksimilian tərəfindən Kanar adalarından gətirilən tovuzquşları Lokruma xüsusi gözəllik verir.

Adada çimmək üçün gözəl yerlər çoxdur, abad çimərlik sahələrində şirin su ilə duşlar quraşdırılıb. Lokrumun görməli yerlərindən ən əhəmiyyətlisi adanın şərqində yerləşən “Ölü dəniz” adlanan və açıq dənizlə əlaqəsi olan kiçik duzlu göldür. Adada daha bir təbiət fenomeni olan “Purpurna jama” (“Bənövşəyi çuxur”) öz adını qayanı bürüyən dəniz otunun bənövşəyi rəngindən götürüb.

Lokrum adasında iki multimedia sərgisi fəaliyyət göstərir: onlardan biri adanın flora və faunasına, digəri isə 2011-ci ildən Dubrovnikdə çəkilişləri aparılan “Taxt-tac oyunları” serialına həsr olunub. Lokrum adası ikinci mövsümdə yer alan süjetə görə, filmin qadın baş qəhrəmanının getdiyi Yaşıl dənizin kənarındakı Kvart şəhəri kimi təqdim olunub. Səhnələrdən bəziləri Lokrumdakı Botanika bağında və keçmiş Benedikt monastırının içərisində lentə alınıb. Sərgidə Dubrovnikdə və Xorvatiyanın digər yerlərində serial çəkilişləri ilə bağlı qısa video da görmək mümkündür.

Səfərin sonunda məzuniyyətdən hansı suvenirləri gətirdiyiniz sualı xüsusilə aktual olur. Dubrovnikdə xeyli sayda mağaza vardır ki, burada xorvat suvenirləri, o cümlədən xarlanmış badam, arantsin (xarlanmış portağal dilimləri), kontonyata (heyvadan hazırlanmış şirniyyat), Xorvatiyada istehsal olunan zeytun yağı, təbii sabun və s. almaq mümkündür.

Ən əsası isə odur ki, siz Dubrovnikdə gördüklərinizdən əldə etdiyiniz təəssüratları, qonaqpərvər xorvatlarla ünsiyyətdən aldığınız gözəl əhval-ruhiyyəni özünüzlə aparacaqsınız!

Fotoşəkillər Vitali Nəzərəliyevə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.