REGİONLAR


“Dumanlar başımda dastana döndü” sərgisi Bərdədə VİDEO

Bərdə, 22 oktyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət “Dumanlar başımda dastana döndü” adlı qrup sərgisini təqdim edir. İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhəri dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrlərindən biri olub. Ermənistan-Azərbaycan münaqişəsinə və qazanılan Zəfərə həsr olunmuş bu sərgi ilk dəfə Bərdə şəhərinə səyahət edir.

Ermənistan-Azərbaycan münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu.

AZƏRTAC xəbər verir ki, “YARAT”-ın “Dumanlar başımda dastana döndü” adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədənqabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir. Hərbi münaqişələrin nəticələri və siyasi böhranlarla yaxından bələd olanların simasında toplanılan əsərlər milli konteksti araşdırır və universal, fövqəlmilli səciyyə kəsb edən sualları ortaya çıxarır.

Sərginin açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova bildirib ki, “Dumanlar başımda dastana döndü” həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni mərhələnin gəlib çatmasından bəhs edir. İşğal dövrü kimi tarixdə qalan 30 illik müddət müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.

Tədbirdə çıxış edən şəhid anaları və digərləri layihənin həyata keçirilməsinə görə minnətdarlıqlarını bildirərək, belə tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynadığını söyləyiblər.

Sərginin adı Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Beləliklə, ekspozisiyada Ağababa Bağırov, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza, Zamir Süleymanov və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlı tamamlanır. Ekspozisiyaya “YARAT” Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Ənənəvi olaraq “Dumanlar başımda dastana döndü” səyyar sərgisi əsasında yerli mütəxəssislər tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar müasir incəsənət sahəsində rəqəmsal dünya və virtual reallıq mövzularını araşdırıb, həmçinin incəsənətdə müxtəlif ünsiyyət kanalları mövzusuna dair seminarlarda iştirak edəcəklər.

Fevralın 4-dək davam edəcək sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bərdə Regional Mədəniyyət İdarəsi və Bərdə Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə həyata keçirilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.