REGİONLAR


Dünənin ideyası, bu günün gerçəkliyi, sabahın təminatı

Dünənin ideyası, bu günün gerçəkliyi, sabahın təminatı

Naxçıvan, 14 mart, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış memorandumun əsas məqsədi İran ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu, avtomobil nəqliyyatı, habelə rabitə və elektrik təchizatı xətlərinin əlaqələndirilməsi üçün yeni marşrut xəttinin yaradılmasıdır. Bu, heç şübhəsiz, regionun geosiyasətində ciddi dəyişikliklərə səbəb olacaq mühüm addımdır.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov deyib.

O vurğulayıb ki, Azərbaycan dövləti bununla alternativ təşəbbüslərlə vəziyyəti keyfiyyətcə dəyişmək qüdrətinə malik olduğunu bir daha nümayiş etdirmiş oldu. Bu, eyni zamanda, Azərbaycanın getdikcə artan siyasi çəkisi və dövlət idarəetməsinin (diplomatiyasının, ümumiyyətlə, qərar qəbulu sisteminin) yüksək keyfiyyətinin göstəricisidir.

Azərbaycan dövlətinin Şərq-Qərb əlaqələri sistemində yerini möhkəmləndirdiyini bildirən Anar İbrahimov qeyd edib ki, tərəflərin hər ikisinin milli mənafelərinə uyğun nəticə əldə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı deyib: “Azərbaycan ilə İran arasında imzalanan son memorandum mənə keçmişi - 30 il əvvəlki hadisələri xatırlatdı. Çünki indiki danışıqlar, nəticələr bəzən tam olaraq həmin dövrü təkrarlayır. 1992-ci ilin avqust ayının son günlərində o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olan ulu öndərimiz Heydər Əliyev başda olmaqla, muxtar respublikanın nümayəndə heyəti İran İslam Respublikasının rəhbərliyinin dəvəti ilə Tehranda rəsmi səfərdə idi, orda çoxsaylı rəsmi görüşlər keçirilib, danışıqlar aparılmışdı. Məqsəd Naxçıvanın blokada ilə bağlı qarşılaşdığı problemləri həll etmək, onu erməni işğalından qorumaq idi. Azərbaycanın böhran vəziyyətində olduğu həmin günlərdə bu, olduqca vacib idi. Səfər nəticəsində 1992-ci il avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev və İran İslam Respublikasının o zamankı xarici işlər naziri Əli Əkbər Vilayəti tərəfindən “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında” Protokol imzalandı. Bir çox sahələri və məsələləri əhatə edən həmin protokolda İran ərazisindən keçməklə Naxçıvana dəhliz məsələsi də yer almışdı. Protokola görə, İran İslam Respublikası Naxçıvan tərəfinin təklifini nəzərə alaraq yükdaşıma sahəsində yaranmış çətinliyi aradan qaldırmaqdan ötrü yüklərin Naxçıvandan Bakıya İran ərazisindən keçməklə Culfa-Xudafərin yolu ilə daşınmasına razılıq vermişdi. Yoldan istifadə etmək üçün hər iki tərəf lazımi tədbirlər görəcəyini öhdəsinə götürmüşdü. Naxçıvan Muxtar Respublikasına kömək göstərmək məqsədilə İran İslam Respublikasının ərazisindən Ordubad-Mincivan dəmir yol xəttinin çəkilməsi barədə muxtar respublika rəhbərliyinin təklifinə cavab olaraq İran tərəfi bildirmişdi ki, hazırda göstərilən xəttin çəkilməsinin texniki cəhətdən öyrənilməsinə başlanılıb və bu sahədə iş davam etdirilir. Qısa müddətdə bu işin başa çatdırılması üçün tədbirlər həyata keçirilməlidir”.

Anar İbrahimov bildirib ki, həmin dövrün gerçəklikləri, 1993-cü ildə Arazboyu rayonların Ermənistan tərəfindən işğal edilməsi, digər tərəfdən isə İraqla qanlı müharibədən yenicə çıxmış, çoxlu iqtisadi problemlərlə üz-üzə qalan İran tərəfinin imkanlarının məhdud olması bu layihələrin və təşəbbüslərin reallaşdırılmasına mane oldu. 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və Ermənistanın məğlub olmasından sonra bu layihələr yenidən gündəmə gəldi. 30 il əvvəl ümummilli lider Heydər Əliyevin başlatdığı işləri, irəli sürdüyü ideyaları, təşəbbüsləri bu gün Prezident İlham Əliyev həyata keçirir. Bütün bu məqamlar Azərbaycan dövlətinin vahid orqanizm kimi daim inkişaf etdiyini, bununla paralel olaraq vaxtilə müəyyənləşdirilmiş strateji inkişaf yolunun təməl prinsiplərinin dəyişmədiyini, atılan addımların zamanlama baxımından mükəmməl hesablandığını göstərir. Dövlət başçısı çıxışlarından birində məhz bu məqama toxunaraq deyib: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.