CƏMİYYƏT


Dünya Ərzaq Təşkilatının sədri piylənmənin qloballaşması ilə bağlı xəbərdarlıq edib

Bakı, 13 may, AZƏRTAC

Aclıq, piylənmə və iqlim dəyişməsi kimi bir-biri ilə bağlı olan problemlərin həlli üçün beynəlxalq ictimaiyyət ərzaq sisteminin yenidən nəzərdən keçirilməsi və onun hamı üçün dayanıqlı sağlam qida vasitəsi olması üzrə qaydalar və standartlar tətbiq etməlidir.

AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytına istinadla xəbər verir ki, bu çağırışı təşkilatın baş direktoru Xose Qratsianu da Silva G-20 ölkələri kənd təsərrüfatı nazirlərinin Yaponiyada keçirilən görüşündə edib. Tədbirdə kənd təsərrüfatının dayanıqlı inkişafı üçün investisiya prioritetləri müzakirə olunub.

Silva bildirib ki, aclıq daha aktual problemdir və onunla mübarizə aparmaqla yanaşı, yadda saxlamaq lazımdır ki, piylənmə də insanlara böyük ziyan vurur. Onun sözlərinə görə, bu məsələ yalnız dövlət və özəl sektorun tərəfdaşlığı sayəsində həllini tapa bilər. FAO-nun rəhbəri qeyd edib ki, piylənmə və artıq çəkinin əsas səbəbi ərzaq sisteminin sağlam qidalanmanı təmin edə bilməməsidir. Çünki qida sənayesi sağlam qida deyil, sadəcə doydurucu qida istehsalına yönəlib.

FAO-nun baş direktoru bu vəziyyətdən çıxış yolunun qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda iki milyarddan çox insan artıq çəkidən əziyyət çəkir, onların üçdəbiri piylənmə problemi və bunun nəticəsi olan xroniki xəstəliklər – diabet, hipertoniya, ürək-damar xəstəliyi və bir sıra xərçəng növləri təhlükəsi ilə üzləşib.

Təşkilatın rəhbəri deyib ki, tezliklə piylənmədən əziyyət çəkənlərin sayı 2017-ci ildə 821 milyon nəfərə çatan aclıq keçirənlərə çatacaq. Artıq Latın Amerikası və Karib hövzəsi ölkələrində bu hal mövcuddur. İnsanların daha sürətlə piyləndiyi iyirmi ölkədən səkkizi Afrikadadır, bu problemlə üzləşmiş beş yaşınadək 38 milyon uşağın yarısı isə Asiya sakinləridir.

FAO-nun baş direktoru əlavə edib ki, düzgün və sağlam qidalanma ayrı-ayrılıqda hər bir vətəndaşın deyil, ictimaiyyətin məsuliyyətidir. Bu işdə dövlət strukturları, özəl sektor və vətəndaş cəmiyyətləri birgə fəaliyyət göstərməlidir. O, buna misal olaraq qida məhsullarının xüsusi etiketləndiyi Çilini göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.