SİYASƏT
Dünya Azərbaycanlıları Assambleyası Brüssel və Los-Anceles şəhərlərində ermənilərin təxribatları barədə bəyanat yayıb
Bakı, 25 iyul, AZƏRTAC
Dünya Azərbaycanlıları Assambleyası Brüssel və Los-Anceles şəhərlərində erməni diasporu nümayəndələrinin azərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb.
Assambleyadan AZƏRTAC-a verilən məlumata görə, bəyanatda deyilir: “İyulun 22-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasını pozaraq hərbi təcavüz siyasətini davam etdirməklə mülki yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə zərbələr endirməsinə etiraz olaraq keçirilən dinc aksiyaya erməni diaspor fəallarının kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalandırılmasını həm Amerika Birləşmiş Ştatlarının, həm də Belçika Krallığının hüquq-mühafizə orqanlarından tələb edirik. Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yararsız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilib. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilib və hazırda müalicələrini davam etdirirlər.
Bildirmək istəyirik ki, insan hüquqları ilə bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin bu hüquqlar digər vətəndaşların hüquqlarını tapdalamamalıdır. Sərbəst toplaşmaq hüququ təmin edilsə də, orada iştirak edən azərbaycanlıların və səfirlik binasının təhlükəsizliyi təmin olunmayıb. Belçika və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarını vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-Anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib.
Bununla əlaqədar həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşlarını baş vermiş xoşagəlməz hadisə ilə bağlı dərhal hüquqi ölçü götürməyə dəvət edirik. Baş verəcək hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, səfirliyi və erməni diasporu liderləri məsuliyyət daşıyacaq.
Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin təmin olunmasına diqqəti artırmağa çağırır.