SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Litvanın Klaypeda şəhərində qeyd edilib
Klaypeda, 1 yanvar, AZƏRTAC
Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan Cəmiyyəti 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilən bayram tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, “Azəri” Cəmiyyətinin rəhbəri Əliağa Məmmədov tədbirdə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması tarixindən danışıb. Diaspor rəhbəri vurğulayıb ki, xalqımız hər il dekabrın 31-ni ən əziz bayram kimi qeyd edir. Bir çox dəyərləri ehtiva edən bu gün ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Əliağa Məmmədov qeyd edib ki, hər bir azərbaycanlı, ilk növbədə, yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməli, onun inkişafına öz töhfəsini verməlidir.
Tədbirdə Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Kitabda Azərbaycanın nüfuzunun dünyada artırılmasına mühüm töhfə verən azərbaycanlılardan danışılır. Nəşrə dünyanın beş qitəsindən fəal həmvətənlərimizin 173 müsahibəsi daxil edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Klaypeda