CƏMİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vyanada qeyd olunub
Vyana, 24 dekabr, AZƏRTAC
Vyanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə ətraflı məlumat verib.
Səfir ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Gününün rəsmi dövlət bayramı kimi qeyd edilməsindəki rolundan, bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ümumi birliyin və həmrəyliyin möhkəmləndirilməsindəki əhəmiyyətindən danışıb.
Yola salmaqda olduğumuz ildə respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən bəhs edən Q.İsrafilov deyib ki, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Azərbaycanın müsbət imicinin güclənməsində xaricdə yaşayan soydaşlarımızın üzərinə şərəfli və məsuliyyətli missiya düşür. Onların müxtəlif diaspor təşkilatları ətrafında birləşərək fəaliyyət göstərməsi, eləcə də yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal rol oynamaları mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Avstriyada yaşayan diaspor təşkilatlarının fəalları və bu ölkədə təhsil alan soydaşlarımız iştirak ediblər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana