İDMAN


Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mini futbol turnirinin açılış mərasimi olub

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakıda “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin (DAMM), İctimai Nəzarət Koalisiyasınin (İNK) və “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mini futbol turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

“Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” İctimai Birliyinin vitse-prezidenti Səbuhi Rəcəb ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanın da sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizdə uğurlu idman siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran S.Rəcəb deyib: “Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün dövlətimiz idmanın inkişafına yüksək diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir və üçrəngli bayrağımızı dalğalandırırlar. Respublikamız irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları artıq heç bir tərəddüd etmədən mötəbər yarışların təşkilini ölkəmizə həvalə edirlər. Dövlətimizin başçısı İlham Əliyev idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsini də daim diqqət mərkəzində saxlayır”.

DAMM-ın birinci vitse-prezidenti Rasim Məmmədov turnirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, respublikamızda uğurlu siyasət ölkəmizin inkişafını və çiçəklənməsini təmin edib. Ölkə iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, hökumət sosial sahədə də ciddi uğurlara nail olub. Müasir müstəqil Azərbaycanın uğurlu inkişafı Heydər Əliyev siyasətinin bəhrəsidir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən R.Məmmədov əbədiyaşar liderin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını deyib.

Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu vurğulayan natiq ölkəmizin sürətlə inkişaf etdiyini, regionda söz sahibi olduğunu və mühüm layihələrin təşəbbüskarı kimi çıxış etdiyini diqqətə çatdırıb. İştirakçılara uğurlar arzulayan R.Məmmədov yarışı açıq elan edib.

Sonra fiziki məhdudiyyətli futbolçuların iştirakı ilə oyun keçirilib.

Yarışa “İNK” - “Borçalı” oyunu ilə start verilib.

Üç gün davam edəcək turnirdə dörd komanda birincilik uğrunda mübarizə aparır.

Yarışın keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.