CƏMİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birliyinin ifadəsidir
Bakı, 28 dekabr, AZƏRTAC
Dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı tarixi xidmətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözlər dekabrın 28-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın birlik, həmrəylik duyğularının ifadəsidir. Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Son illər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyləri ilə dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsi prosesində yeni mərhələ başlayıb.
Digər çıxış edənlər də bu günün yaranma tarixindən və onun əhəmiyyətindən, bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb.
Sonra muzeyin bir qrup əməkdaşı mükafatlandırılıb.
Müdafiə Nazirliyinin nümayəndələrinin, hərbi təhsil müəssisələrinin əməkdaşlarının, veteranların qatıldıqları tədbir bədii hissə ilə davam edib.