SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Səudiyyə Ərəbistanında qeyd edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən Ər-Riyad şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, bu ölkədə yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Səfir Rasim Rzayev 1991-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb, bu bayramı dünyanın müxtəlif guşələrində məskunlaşmış həmyerlilərimizin birliyi istiqamətində atılmış ən dəyərli addım kimi qiymətləndirib. O, xaricdə yaşayan həmyerlilərimizin problemlərinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həlli istiqamətində aparılan məqsədyönlü siyasət haqqında məlumat verib.
Qazaxıstanın Səudiyyə Ərəbistanındakı səfiri Baxıt Batırşayev, Qırğızıstanın səfiri Abdilatif Jumabayev, Rusiyanın səfiri Oleq Ozerov və Tacikistanın səfiri Azamşo Şarifi çıxış edərək öz ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərindən danışıb, xalqımızı bayram münasibətilə təbrik ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Daha sonra Azərbaycanla bağlı sənədli filmlər nümayiş etdirilib, ziyafət verilib.