SİYASƏT
Dünya Azərbaycanlılarının III qurultayında 42 ölkədən 579 nümayəndə və 211 qonaq iştirak edəcəkdir
Bakı, 30 iyun (AZƏRTAC). İyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcəkdir. Rusiya qurultayda 155, Türkiyə - 101, Ukrayna - 49, Almaniya - 43, Gürcüstan - 41, ABŞ -28, İsveç - 23, Niderland - 21, İsrail - 17, Özbəkistan - 13, Fransa - 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı - 11, Kanada - 10 nəfərlə təmsil olunacaqdır.
Azərbaycanı isə qurultayda respublikanın bütün bölgələrindən olan 677 nümayəndə və 405 qonaq təmsil edəcəkdir.
Dünya Azərbaycanlılarının III qurultayında 13 ölkənin parlamentinin 29 deputatının iştirakı gözlənilir.
Dünya Azərbaycanlılarının III qurultayı ilə bağlı DİDK bir neçə kitab da nəşr etdirmişdir. Bunlar “Azərbaycan diasporuna dövlət qayğısı (elektron kitab)”, “Qurultaya hesabat”, “Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş”, “Dünya azərbaycanlılarının Həmrəylik Xartiyası”, xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların həyat və yaradıcılığından bəhs edən “Biz azərbaycanlıyıq” kataloqudur.
Dünya Azərbaycanlılarının III qurultayında ötən qurultaydan bəri görülən işlərlə bağlı hesabat veriləcək, Azərbaycan diasporunun daha da gücləndirilməsi yolları müzakirə olunaraq müvafiq qərarlar qəbul ediləcəkdir.
Qurultayda “Dünya Azərbaycanlılarının III qurultayının qətnaməsi”, “Dünya azərbaycanlılarına müraciət”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət”in qəbul olunacağı gözlənilir.
Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da, II qurultayı isə 2006-cı il martın 16-da Bakıda keçirilmişdir.