SİYASƏT


Dünya Azərbaycanlılarının həmrəylik günü Brüsseldə qeyd edilmişdir

Paris, 30 dekabr ( AZƏRTAC ). Azərbaycanın Belçika Krallığındakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə ölkəmizin səfirliyi tərəfindən Brüsseldəki Atatürk Mədəniyyət Mərkəzində bayram tədbiri təşkil edilmişdir.

Azərbaycan və türk icmalarının təmsilçilərinin qatıldığı tədbirdə həmrəylik günün tarixi, əhəmiyyəti və dünya azərbaycanlılarının birləşdirilməsində rolu barədə məlumat verilmişdir. İştirakçılar bu günün ümummilli lider Heydər Əliyev tərəfindən rəsmiləşdirilməsi, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə bu bayrama xüsusi əhəmiyyət verməsi, xaricdə yaşayan azərbaycanlıların bir araya gətirilməsi və həmrəy olması üçün apardığı siyasət barədə məlumatlandırılmışlar. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirərək dünya azərbaycanlılarının həmrəyliyi ideyasını ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevirmiş və dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır.

Azərbaycanlıların yığcam yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, vətənimizin rifahı naminə fəaliyyətə cəlb edilməsi üçün məqsədyönlü addımlar atıldığı diqqətə çatdırılmışdır.

Tədbirdə iştirak edən Çağdaş Dərnəklər Federasiyasının sədri Okyay Karataş, Atatürkçü Düşüncə Dərnəyinin sədri Ərdoğan Özdəmir və İdeal Sülhün Təbliği Fondunun sədri Əlikram Müzəffər də həmrəylik günü münasibətilə təbriklərini çatdırmışlar.

Sonda Azərbaycanın turizm və mədəniyyətinin təbliği ilə bağlı film nümayiş etdirilmiş, milli musiqimiz səsləndirilmişdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.