CƏMİYYƏT


Dünya Bankı Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirir

Bakı, 21 fevral, AZƏRTAC

Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə ötən dövrdə müsbət əməkdaşlıq təcrübəsi mövcuddur və bu təcrübə əməkdaşlığın uğurla davam etdirilməsi üçün yaxşı əsas yaradır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahil Babayev Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən, nazirliyin fəaliyyət istiqamətlərində aparılan islahatlar barədə məlumat verib. O, ölkəmizdə dövlət sosial xidmətlərinin vahid mərkəzdən “bir pəncərə” prinsipi üzrə çevik və tam şəffaf şəkildə təqdim olunmasını nəzərdə tutan yeni “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərinin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi işlərinin ardıcıl xarakter aldığını vurğulayan nazir dövlət başçısının cari ildə imzaladığı sənədlər əsasında bu istiqamətdə növbəti əhəmiyyətli addımların atıldığını deyib.

S.Babayev ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətindən bəhs edib. O, yeni Məşğulluq Strategiyasının hazırlanmasında Dünya Bankının aktiv texniki dəstəyinin, “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya”nın, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Bankının regional direktoru Mersi Tembon ölkəmizdə həssas qrupların rifah halının yaxşılaşdırılması sahəsində atılan addımların təqdirəlayiq olduğunu deyib. O, Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndirdiklərini, ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan islahatların mühüm əhəmiyyət kəsb etdiyini, bu islahatlar prosesində Dünya Bankı ilə birgə işlərin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində islahatlar və aktiv məşğulluq tədbirlərinin təşkili, bu sahədə dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi, əmək bazarı üzrə informasiya təminatının inkişaf etdirilməsi və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.