İQTİSADİYYAT
Dünya Bankı Qrupu Azərbaycandakı kredit təşkilatlarına maliyyə inklüzivliyinin gücləndirilməsində kömək edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Dünya Bankı Qrupu Azərbaycandakı kredit təşkilatlarına maliyyə inklüzivliyinin gücləndirilməsində kömək edəcək.
Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) AZƏRTAC-a bildirilib ki, Azərbaycanda yoxsulluqla mübarizə və iqtisadi artımın genişləndirilməsi istiqamətində görülən işlərin icrası ilə əlaqədar olaraq, Dünya Bankı Qrupunun IFC tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkədə rəqəmsal maliyyə xidmətlərinin inkişafının dəstəklənməsinə yönəldilən saziş imzalanıb.
İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində IFC Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq edəcək. IFC assosiasiyaya maliyyə inklüzivliyi və müasirləşməyə töhfə verəcək mütərəqqi rəqəmsal maliyyə xidmətləri paketinin hazırlanmasına dair öz tövsiyələrini verəcək. Bu əməkdaşlıq xüsusilə bankların filial şəbəkəsi ilə əhatəsi təmin edilməmiş kənd yerlərində həm fiziki şəxslər, həm kiçik sahibkarlıq subyektləri üçün əmanət hesablarının açılması və kreditlərin alınması prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq məqsədi daşıyır. Layihə, həmçinin əhalinin rəqəmsal və elektron bank məhsulları sahəsində maarifləndirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasına kömək edəcək. Bu, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki əhalinin yalnız 29 faizinin maliyyə təşkilatında hesabı var. Bu rəqəm Dünya Bankının “Qlobal Findex” adlı maliyyə inklüzivlik üzrə hesabatında verilən məlumatlara əsasən, Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, texnologiyalar əhalinin maliyyə xidmətlərinə çıxış üsullarını müasirləşdirmək potensialına malikdir. IFC ilə tərəfdaşlıq çərçivəsində həyata keçirəcəyimiz bu təşəbbüs yerli maliyyə təşkilatlarına bazarda tələb olunan qabaqcıl məhsullar hazırlamaqla müştərilərinin daim dəyişən bazar şəraitində tələbatına uyğunlaşmağa imkan verəcək.
Rəsmi adı “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi” olan bu təşəbbüs Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və iqtisadi artımın gücləndirilməsinə, cari halda isə elektron və mobil bank xidmətlərinə dəstək vasitəsilə kömək edən Dünya Bankı Qrupunun geniş strategiyasının tərkib hissəsidir. Bankların uzaqda olan ərazilərə irəliləməsi gələcək barədə verdiyi söz və rəqəmsal bankçılığın potensialını nümayiş etdirir.
IFC-nin Azərbaycan üzrə nümayəndəsi Aliya Əzimova qeyd edib ki, kiçik müəssisə və sahibkarlar, xüsusilə neft sektorundan xaric fəaliyyət göstərənlər üçün maliyyə xidmətlərinə çıxış imkanlarını gücləndirməklə onlara öz bizneslərini genişləndirmək, eləcə də yeni iş yerlərini yaratmaq imkanını vermiş oluruq. Bu isə Azərbaycanda yoxsulluğun qarşısını almaq və qeyri-neft özəl sektorunun inkişafı sayəsində dayanıqlı iqtisadiyyatın qurulması baxımından önəmli amillərdəndir.
Ölkədə müştərilərin məsafədən bank hesabı açmasına icazə verən yeni qaydalar qəbul edilib. Bu yeniliklərin məqsədi bu sahədə digər islahatlarçılarla yanaşı, Azərbaycana kömək etməklə rəqəmsal bankçılığın gələcək inkişafı da daxil olmaqla bankların uzaq məsafələrə çatmasını təmin etməkdir.