İQTİSADİYYAT
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə geniş məlumat verib.
Onun sözlərinə görə, işçi qrup tərəfindən tərtib edilmiş “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin əsas hədəfi özəl sektorun genişlənməsinə və inkişafına əlverişli imkan yaradan qaydaların və praktikaların tətbiqini təhlil etməklə onların təkmilləşdirilməsinə və cəlbediciliyinin artırılmasına nail olmaq, ortamüddətli dövrdə həyata keçiriləcək təşəbbüslərin ictimaiyyətin və vergiödəyicilərinin diqqətinə çatdırılması, habelə gələcək dövrün fəaliyyətləri barəsində əhalinin məlumatlandırılmasından ibarətdir: “Vergi sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi 9 komponenti əhatə edən 3 əsas alt indikator üzrə aparılacaq. Bunlardan birincisi, vergi qaydalarının keyfiyyətidir. Bu indikator çərçivəsində vergi müddəalarının aydınlığının təmin edilməsi, sorğuların keçirilməsi mexanizmlərinin və intensivliyinin müəyyən edilməsi və vergi qaydalarının yaradılmasında şəffaflıq prosesləri dəyərləndiriləcək. Vergi administrasiyası tərəfindən təmin edilən xidmətlər altindikatoru üzrə vergi bəyannaməsi, vergilərin ödənilməsi və hesablanması üzrə elektron sistemlərin təkmilləşdirilməsi, vergi orqanı və digər dövlət orqanları arasında qarşılıqlı fəaliyyətin və məlumat mübadiləsinin səviyyəsinin qiymətləndirilməsi, riskə əsaslanan audit sisteminin inkişaf etdirilməsi, vergi yoxlamaları ilə bağlı mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı diqqət mərkəzində olacaq”.
N.İmanov, həmçinin nəzərə çatdırıb ki, vergi yükü və vergi sistemlərinin səmərəliliyi altindikatoru üzrə biznes üçün vergi dərəcələrinin optimallaşdırılması və vergi qaydalarına əməl etmək üçün tələb olunan müddətin sadələşdirilməsi prosesləri nəzərdə tutulur.
Beləliklə, “Vergitutma” indikatoru Dünya Bankının əvvəlki “Doing Business” hesabatının mexanizmlərindən fərqli olaraq, daha geniş sahəni əhatə edəcək və vergi tənzimləmələrinin mürəkkəbliyini, vergi sistemlərinin səmərəliliyini, vergi yükünü və tələblərin yerinə yetirilməsi üzrə xərclərin optimallıq səviyyəsini qiymətləndirəcək. Eyni zamanda, ətraf mühit üçün zərərli olan fəaliyyətlərin qarşısını almaq və ya məhdudlaşdırmaq üçün ekoloji vergitutma aspekti də araşdırılacaq.
Bütövlükdə, Dövlət Vergi Xidməti tərəfindən Yol Xəritəsi üzrə qarşıdakı 2 il üçün 54 tədbirin həyata keçirilməsi müəyyənləşdirilib. Bununla yanaşı, ictimai qurumlarla, sahibkarların ictimai təşkilatları, assosiasiyalar və konsaltinq şirkətləri ilə birgə bu sənədin təkmilləşdirilməsi məqsədilə biznes mühitinin cəlbediciliyinin artırılmasına töhfə verə biləcək bütün təkliflərin ətraflı müzakirəsi aparılacaq.