İQTİSADİYYAT


Dünya Bankı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakı, 24 may, AZƏRTAC

Dünya Bankının Azərbaycandakı nümayəndəliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərliyi ilə görüş keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ASK-ın fəaliyyəti barədə məlumat verərək ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində sahibkarların sayının artaraq 1 milyona yaxınlaşdığını deyib. O, əvvəlki illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı Dünya Bankı tərəfindən maliyyələşdirilmiş 6 pilot layihə çərçivəsində Salyan, Naxçıvan və digər bölgələrdə sahibkarlara maliyyə dəstəyi göstərildiyini bildirib, bu yaxşı təcrübənin digər sahələrdə də davam etdirilməsinin faydalı olacağını vurğulayıb.

Bankın Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi Dünya Bankının hazırda ölkədə yeni iş yerlərinin sayının artırılması üzrə layihələrlə bağlı hökumətə yaxından dəstək göstərildiyini, ümumiyyətlə yeni iş yerlərinin yaradılmasında hökumətlə yanaşı, özəl sektorun da mühüm yer tutduğunu deyib.

O bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramının təkrarlanması məsələsinə Dünya Bankı da fəal dəstək verir və bu məsələdə işəgötürənlər təşkilatlarının köməyinə ehtiyac ola bilər. Həmçinin fevralın sonunda Dünya Bankının təşkil etdiyi özəl sektorun inkişafına dair forumda dövlət-özəl tərəfdaşlığının perspektivlərinin müzakirəsində ASK-ın fəal iştirakı təqdirəlayiq hal kimi qiymətləndirilib.

N.Naqvi Dünya Bankı ilə ASK arasında əməkdaşlığın real imkanlarının olduğunu vurğulayıb.

Görüşdə bu məqsədlə məlumat mübadiləsinin davam etdirilməsi qərara alınıb, eyni zamanda, sentyabrda Dünya Bankının bir sıra ekspertlərinin Bakıya səfəri çərçivəsində konkret layihələrin müzakirəsi üçün ASK-ın rəhbərliyi ilə təkrar görüşün keçirilməsi təklif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.