İQTİSADİYYAT
Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə edilib
Bakı, 10 aprel, AZƏRTAC
FSMP2 layihəsi çərçivəsində bank nəzarəti üzrə hazırlanmış ilkin tədbirlər planına dair yeni format və bu sahədə müəyyən olunmuş atılacaq konkret addımlar yüksək qiymətləndirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə qurumun Direktorlar Şurasının sədri Rüfət Aslanlının "Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – Faza 2" (FSMP2) ikinci missiyasının nəticələrinə dair Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.
Görüş zamanı FSMP2 layihəsinin icrasının uğurla davam etdiyini vurğulayan R.Aslanlı layihə çərçivəsində bank nəzarəti üzrə hazırlanmış ilkin tədbirlər planına dair yeni formatı və bu sahədə müəyyən olunmuş atılacaq konkret addımları yüksək qiymətləndirdiyini deyib.
Missiya üzvləri prudensial siyasət və metodologiya sahəsində yaradılan yeni layihənin mövcud metodoloji rəhbərliklə müqayisədə xeyli praktik olduğunu bildiriblər və bu istiqamətdə müvafiq tövsiyələr veriblər.
Görüşdə FSMP2 layihəsinin ikinci missiyası çərçivəsində ümumilikdə görülmüş işlərlə bağlı hər iki qurum tərəfindən məmnunluq bildirilib.