CƏMİYYƏT


Dünya Bankının nümayəndələrinə ölkəmizdə məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında məlumat verilib

Bakı, 17 iyun, AZƏRTAC

İyunun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə Qlobal Sosial Dayanıqlılıq və İnklüzivlik Fəaliyyətinin təcrübə meneceri Varalakşimi Vemuru, sosial inkişaf üzrə baş mütəxəssislər Erik Conson, Sofiya Georgiyeva və DB-nin Azərbaycan üzrə regional direktoru Sara Maykl, proqram üzrə assistent Səbinə Məcidova ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında məlumat verilib. Qeyd olunub ki, bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib.

Uzun illərdir doğma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.

Ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük problemlərinin həllinə beynəlxalq təşkilatların dəstəyi razılıq hissi ilə xatırlanıb, o cümlədən Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi işğaldan azad edilmiş ərazilərə qayıdışın uğurla həyata keçirilməsinə də töhfə verəcəyinə əminlik ifadə olunub. Bildirilib ki, Dünya Bankının tərkibindəki Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı çərçivəsində gerçəkləşdirdiyi “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” adlı qrant layihəsi yaxın gələcəkdə öz yurd-yuvalarına qayıdacaq məcburi köçkünlərin məşğulluq imkanlarının artırılmasına olduqca müsbət təsir göstərəcəkdir.

Dünya Bankının nümayəndələri səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıq bildirib, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı aparılan işləri yüksək dəyərləndirib, təmsil etdikləri beynəlxalq maliyyə qurumunun bu prosesə dəstəyini artıracağını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.